Cənab Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin mahiyyətini, onun güc və mərhəmət balansını bir daha aydın şəkildə ortaya qoyur. Bu təşəbbüs təkcə hüquqi akt deyil, eyni zamanda qalib, suveren və özünə güvənən dövlətin humanizm fəlsəfəsinin təzahürüdür.
Azərbaycan suverenliyinin tam bərpa olunması, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar edilməsi xalqımızın əsrlərlə arzuladığı tarixi qələbədir. Bu qələbə yalnız hərbi-siyasi zəfər deyil, həm də hüquqi və mənəvi bütövlüyün təmin olunmasıdır. Məhz bu böyük tarixi mərhələdə Prezident İlham Əliyevin amnistiya təşəbbüsü irəli sürməsi dövlətin öz vətəndaşına olan münasibətinin ən ali nümunəsidir. Bu addım Azərbaycanın güclü olduğu üçün bağışlamağı bacaran, ədaləti cəza ilə deyil, tərbiyə və yenidənqurma ilə tamamlayan dövlət olduğunu nümayiş etdirir. Amnistiya aktının fəlsəfəsində Azərbaycan dövlətinin əsrlər boyu formalaşmış humanizm və mərhəmət dəyərləri dayanır. Prezident İlham Əliyevin bu təşəbbüsü cəmiyyətə açıq bir mesajdır. Dövlət cəza verməklə kifayətlənmir, islah etməyi, insanı yenidən cəmiyyətə qazandırmağı da öz missiyası sayır. Layihəyə əsasən Vətən müharibəsində, 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər həssas sosial qruplar amnistiyanın əhatə dairəsinə daxil edilir. Bu yanaşma göstərir ki, dövlət sosial ədaləti formal hüquq çərçivəsində deyil, insani talelər prizmasından qiymətləndirir. Xüsusilə vurğulanmalıdır ki, Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçılarının və onların ailə üzvlərinin amnistiya aktında xüsusi yer alması dövlətin qəhrəmanlarına və onların ailələrinə verdiyi dəyərin hüquqi ifadəsidir. Bu, həm də milli birlik və sosial həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Qalib dövlət intiqamla deyil, ədalətli mərhəmətlə tarixə düşür.
Azərbaycan bu gün məhz bu mərhələdədir. Amnistiya təşəbbüsü eyni zamanda hüquqi baxımdan cəzanın tərbiyəvi mahiyyətinə verilən önəmi göstərir. Böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması hüquqi sistemin çevikliyinin göstəricisidir. Bu yanaşma cəmiyyətə belə bir mesaj verir. Cinayətə qarşı mübarizə sərtdir, lakin insanın islahına inam daha güclüdür. Proqnozlara görə, bu amnistiya aktı müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı humanitar hüquqi akt olacaq. Ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək amnistiya 5 mindən çox məhkumun azadlığa buraxılmasını, minlərlə şəxsin cəzasının azaldılmasını, minə yaxın şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutur. Bu statistika sadəcə rəqəmlər deyil minlərlə ailənin ümidinin, sosial sabitliyin və ictimai etimadın bərpasıdır.
Prezident İlham Əliyevin amnistiya təşəbbüsü bir daha sübut edir ki, müasir Azərbaycan dövlətçiliyinin fəlsəfəsi güc ilə humanizmin vəhdətinə əsaslanır. Bu təşəbbüs hüquqi islahatların, sosial ədalətin, milli birliyin və qalib dövlət məsuliyyətinin parlaq nümunəsidir. Bu gün Azərbaycan yalnız torpaqlarına deyil, insan talelərinə də sahib çıxan dövlətdir. Amnistiya isə bu sahibliyin hüquqi, mənəvi və siyasi manifestidir.
Şahin Seyidzadə,
Milli Məclisin deputatı