Salome Zurabişvili: “Heydər Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafında həlledici rol oynayıb”

“Prezident Heydər Əliyev müasir Azərbaycan dövlətinin formalaşmasında mühüm rol oynamış görkəmli dövlət xadimi idi. Məhz onun uzaqgörənliyi güclü və firavan dövlət quruculuğunun əsasını qoydu”.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ifadə edib.

“Bütün ölkə üçün ümid çırağı olmuş atanızın Azərbaycan xalqının firavanlığı naminə gördüyü işlər və göstərdiyi səylər gələcək nəsillərin yaddaşında qalacaq, daim onların ilham və qürur mənbəyi olacaq”, - deyə Gürcüstan Prezidenti vurğulayıb.

Məktubda qeyd olunur ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü qlobal miqyasda mühüm dövlət kimi təsdiqləyib:

“O, ölkələrimiz arasında əlaqələrin inkişafında həlledici rol oynayıb. Gürcüstan Azərbaycanla möhkəm dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirir. Biz xalqlarımızın firavanlığı naminə bu əlaqələri daha da dərinləşdirməyə hazırıq”.