Savadlı, ismətli, döyüşkən Azərbaycan qadınları

Dünyanın əksər ölkələrində olduğunu kimi, Azərbaycanda da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur. Təsadüfi deyil ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.  O zaman bəzi Qərb ölkələrində belə qadınların bu hüquqları tanınmırdı, qara dərililər cəmiyyətdən çıxdaş edilirdilər. Qadınlarımız Ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı oldu. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunub. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 8 Mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər.

8 Mart - Beynəlxalq Qadınlar Günündə biz Vətənimizin ərazi bütövlüyü uğurunda döyüşən, yaralanan və ya şəhid olan qadınlarımızı unutmamalıyıq. Məlumat üçün bildirim ki, Birinci Qarabağ savaşında 25 qadın şəhidimiz oldu. Amma yüzlərlə qadınımız erməni təcavüzünün qurbanı olub. 70 yaşında analarımız, 3 yaşında körpələrimiz qətlə yetiriliblər. 450 qadınımız erməni girovluqda qaldı. Ermənilər bu günə qədər girovluqdan azad edilməmiş qadınlarımız barədə məlumatları gizlədirlər. Mən bu gün İkinci Qarabağ müharibəsində şəhid olmuş tibb bacısı Arəstə Baxışovanın adını çəkməyi özümə borc bilirəm.  Arəstə Baxışova ilə yanaşı Vətən müharibəsində minlərlə qadınımız həkim və digər peşənin sahibləri kimi iştirak ediblər, Böyük Qələbəmizə töhfələrini veriblər. Mərd oğullarımızı yetişdirən qəhrəman analarımız arxa cəbhədə özlərini çox qürurlu, vüqarlı apardılar. Oğlu, əri, qardaşı şəhid olan qadınlarımız tabutların altına girib çox böyük ləyaqətlə öz doğmalarını son mənzilə yola saldılar.

Nə qədər ki, Azərbaycanın ismətli, güclü, savadlı qadınları var, cəmiyyətimiz, dövlətimiz daim inkişaf edəcək, güclənəcək.

Eşq olsun, Azərbaycan qadınlarına!

İltizam Yusifov,

Milli Məclisin deputatı