2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad- Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Ordubad rayonunun Gənzə, Anabat, Aşağı Əndəmiç, Yuxarı Əndəmic və Nüsnüs kənd seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərə imza atır. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi və onların yaratdığı reallıqlar bu gün hər birimizin böyük qürur hissi ilə bəhs etdiyimiz uğurlarımızdandır. Güclü lider və düşünülmüş siyasət hər bir ölkənin inkişafında, tərəqqisində əsas faktordur.
Ehtibar İsmayılov daha sonra deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Vüqar Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə imza atdığı zəfərlərdən, Azərbaycanın təkmil dirçəliş modelinin təqdimatı olan işğaldan azad edlimiş ərazilərdə geniş miqyas alan bərpa -quruculuq işlərindən bəhs edib. Bildirib ki, bu gün keçmiş məcburi köçkünlər sevinclidirlər. Artıq onlar öz doğma yurd-yuvalarında seçki prosesinə qatılır, səslərini bu məkandan verərək qalib, bütövləşən Azərbaycanın davamlı uğurlarına dəstək olmağa səy göstərirlər. Yaranması Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin daha da qüdrətlənməsi, insanların rifah halının yaxşılaşması üçün təşəbbüsləri, atdığı addımları, qəbul etdiyi qərarları ilə xalqın böyük rəğbətini qazanıb. Vüqar Rəhimzadə çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Gənzə kəndində namizədin nümayəndəsi Fərman Rəsulov, kənd ağsaqqalı Feyzulla Əkbərov, Aşağı Əndəmiç kəndində Əyyar Səfərov, Pərvin Sadiqova və İntizam Abdullayev, Nüsnüs kəndində Yunis Hüseynov Kamal Lütvəliyev, Oruc Əliyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.