Sədaqətlilik nümunəsi olan GENERAL!

Azərbaycan xalqı və dövləti bu gün öz təhlükəsizliyinə tam əmindir. Müstəqillik illərində suverenliyimizin, əmn-amanlığın qorunmasında daim polislərimizə güvənmişik. Bütün dönəmlərdə Azərbaycan polisi xalqımızın təhlükəsizliyini yüksək səviyyədə, peşəkarcasına qoruyub, vətəndaşların fundamental hüquq və azadlıqlarını müdafiə edib. Ölkəmizin ərazi bütövlüyünün qorunmasında canından keçmiş çoxlu sayda polislərimiz vardır. Vətən, dövlət və xalqımız uğurunda həyatını təhlükəyə atan Daxili İşlər Nazirliyinin əməkdaşları cəmiyyətdə layiqli yerlərini tuturlar.

Mən bu gün polis olmaq istəyən gənclərin idealı olan daxili işlər naziri Vilayət Eyvazov haqqında danışmaq istəyirəm.

1994-cü ildə polis sıralarına qoşulan Vilayət Eyvazov Polis Akademiyasına daxil olub və oranı qırmızı diplomla bitirmişdir. O, DİN sistemində cinayətkarlıqla mübarizə aparan bütün idarələrdə, o cümlədən Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində çalışmışdır.

2003-cü ilin oktyabrında ölkədə çevriliş etmək istəyən radikal müxalifət və onu dəstəkləyən xarici qüvvələr öz istəklərinə çata bilmədilər. Çünki Vilayət Eyvazov kimi peşəkar polis zabitinin rəhbərlik etdiyi xüsusi təyinatlı polis qüvvələri buna imkan vermədilər, xoşagəlməz halların qarşısında mərdliklə aldılar.

Cənab Prezident dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edən şəxsləri daim qiymətləndirib və önə çəkib. Vilayət Eyvazov da Cənab Prezidentin sayəsində polis sistemində pillə-pillə yüksək zirəvəyə gəlib çatıb. Azərbaycanın ən gənc daxili işlər naziriri olan Vilayət Eyvazov həm də bu sahənin ən peşəkar zabiti kimi göz önündədir. Cənab nazirin peşəkarlığı, dürüstlüyü, dövlət rəhbərinə sədaqəti onun cəmiyyətdə xüsusi nüfuz qazanmasına gətirib çıxarıb. Məhz onun parlaq nüfuzu, zabitə xas olan nəcibliyi, yüksək mədəniyyəti, eyni zamanda ciddiliyi, sağlam həyat tərzi, davranışları neçə-neçə gəncin polis olmaq arzusunun əsas mənbəyidir. Mən dəfələrlə polis olmaq istəyən gənclərə “polis olmaq həvəsiniz haradan qaynaqlanır” sualı ilə müraciət etmişəm. Onlar məhz Vilayət Eyvazov faktorunu qabardıblar və onun kimi dövlətə, vətənə xidmət etmək istədiklərini açıq şəkildə bildiriblər.

Vilayət Eyvazovun Azərbaycan Prezidentinə necə sədaqətli olduğunu, dövlətə, millətə bağlılığını hər kəs çox gözəl bilir.

2019-cu il 20 iyun tarixindən etibarən Azərbaycan Respublikasının daxili işlər naziri olan cənab Vilayət Eyvazov daxili işlər orqanlarına qəbul sisteminə, polis əməkdaşlarının davranış qaydalarına yeniliklər gətirdi. Bu da gənclərdə polis peşəsinə olan marağı artırdı. Gənc polislər isə daxili işlər orqanlarında daha yüksək vəzifə tutmaq üçün daha çox zəhmət, öz üzərində hazırlaşmaq, peşəkarlıq səviyyəsini artırmaq istiqamətində səylərini artırdılar.

Bu gün Azərbaycan polisi Şuşada, Laçın-Xankəndi yolunda, Kəlbəcər, Zəngilan, Cəbrayıl, Qubadlı, Xocavənd, Ağdam və Füzulidə fəaliyyət göstərirlər. Bu, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsində mümkün olmuşdu. Təsadüfi deyil ki, Azərbaycan polisi özünü Ali Baş komandan İlham Əliyevin əsgəri hesab edir.

Cənab Vilayət Eyvazov da şərəfli bir polis kimi özünü Ali Baş Komandanın, vətənin bir əsgəri, xidmətçisi hesab edir. Hörmətli nazir rayonlara səfərlər edərək polis olmaq istəyən gənclərlə şəxsən görüşür, onlarla müəyyən söhbətlər aparır. O, cənab Prezidentin tapşırığına uyğun olaraq rayonlarda vətəndaşları şəxsən qəbul edir.

Dünyanı ağuşuna alan ağ ölümə qarşı mübarizədə Azərbaycan polisi olduqca qətiyyətli və prinsipialdır. Cənab nazirin narkomaniyaya qarşı ardıcıl, barışmaz mübarizəsi nəticəsində Azərbaycanda bu sahədə ciddi uğurlar əldə olunub. Narkomaniyaya qarşı mübarizə aparan polislərimizin qarşısında müəyyən şərtlər, tələblər vardır. Millətin genefondunun qorunması, gənclərin düzgün yola istiqamətləndirilməsi polislərimizin başlıca vəzifələrindən biridir.

Həm pandemiya, həm də Vətən Müharibəsi dönəmində biz Azərbaycan polisinin yüksək peşəkarlığının, ağır zəhmətinin bir daha şahidi olduq. Həssas dönəmlərdə dövlətimizin, xalqımızın təhlükəsizliyini yüksək səviyyədə qoruyan polis və ona rəhbərlik edən Vilayət Eyvazov Cənab Prezidentin etimadını doğrultdu. 44 günlük Vətən Müharibəsi zamanı cənab Prezident tərəfindən ölkə üzrə komendant təyin olunaraq ölkəmizi təhdidlərdən qoruyan cənab Vilayət Eyvazov Ali Baş Komandanın ən sədaqətli əsgərlərindən olduğunu bir daha sübut etmiş oldu. 

Bu gün Azərbaycan polisi istər yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində, istər suda, havada, bir sözlə, hər yerdə qürurla, şərəflə xidmət edir. Cənab nazir fədakarlıq göstərən polislərimizi hər zaman mükafatlandırır və onları layiq olduqları vəzifəyə təyin edir.

İnsan alverinə qarşı mübarizə sahəsində ciddi nailiyyətlər əldə edən ölkəmiz məhz şərəfli polislərimizin işlərinə peşəkar və məsuliyyətli yanaşmaları sayəsində beynəlxalq reytinq cədvəllərində irəliləyiblər.

Azərbaycan vətəndaşlarının ən çox müraciət etdiyi “102” qaynar xətti hər bir müraciətə, şikayətə həssaslıqla yanaşır. Vətəndaşların sosial şəbəkələrdə ən çox müracət etdiyi səhifələr də Daxili İşlər Nazirliyinə məxsusdur. Bu səhifələrdə hər bir müraciət nəzarətə götürülür, cavablandırılır.

Bu gün DİN mətbuat xidməti jurnalistlər üçün ən əlçatan informasiya mənbəyidir. Təkcə jurnalistlər deyil, bütün ictimai fəallar, QHT nümayəndələri, vətəndaşlar asanlıqla DİN mətbuat xidmətilə əlaqə yaradıb öz problemlərini dilə gətirə bilirlər.

Sadə vətəndaşların dostu, kriminal ünsirlərin, cinayətkarlığa meylli insanların isə çəkindiyi Azərbaycan polisinin cəmiyyətdə nüfuzu getdikcə daha da artır.

Cənab nazir Vilayət Eyvazov hər zaman bildirir ki, Azərbaycanda ictimai təhlükəsizliyin əsas təminatçısı cənab İlham Əliyevdir. Doğrudan da, ölkədə ictimai təhlükəsizliyi qoruyan polis cənab Prezidentə sadiqliyini peşəkar fəaliyyətilə sübut etməyə çalışır. Azərbaycan polisi daim öz arxasında cənab Prezidentin dəstəyini görür.

Bu gün cənab Vilayət Eyvazovun 55 yaşı tamam olur. Azərbaycanda vətənini,dövlətini sevən hər kəs cənab nazir haqqında yüksək fikirdədir və onun haqqında yalnız xoş sözlər ifadə etmək istəyir. General-polkovnik cənab Vilayət Eyvazov hər zaman polis əməkdaşları qarşısında çıxışı edərkən bildirir ki, Ulu Öndər Heydər Əliyevin yadigarı olan Müstəqil Azərbaycana və Müzəffər Ali Baş Komandana sədaqətlə bağlı olub xalqımıza ləyaqətlə xidmət etməliyik! Hesab edirəm ki, bu fikirlər vətənpərvər və dövlətçi gənclərimizin hər birinin qəlbində taxt quran sözlərdir!

55 illik şərəfli yolunuz, Doğum Gününüz mübarək olsun, cənab nazir! 

Fəxr edirik ki, Azərbaycanda polis olmaq arzusunda olan on minlərlə gəncin idealı olan, yolunu getmək istədiyi sizin kimi daxili işlər naziri var! 

Ramiz Alıyev