Sədərək rayonunda yaşayan şəhid ailələri ziyarət olunub 

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Sədərək və Qaraağac kəndlərində yaşayan şəhid ailələri ziyarət olunub.

Tədbir iştirakçıları bu məqsədlə şəhidlərimiz –Abdullazadə Tağı İlham oğlu və Nadirli Ərtoğrul Hümbət oğlunun ailə üzvləri ilə görüşərək onların həyatı, keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə məlumatlandırılıblar.

Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.

İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər.

Qeyd edək ki, şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə şəhid ailələri davamlı olaraq ziyarət olunur. Bu kimi görüşlər bundan sonra da davam etdiriləcək.