1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qətlə yetirilib. Həmçinin 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib (Azərbaycan Respublikası Baş Prokurorluğu).
30 il işğal altında qalan torpaqlarımız 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur erməni işğalından azad edildi. Təbii ki, ərazi bütövlüyümüzün təmin edilməsi, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, Xocalıda dalğalanması qansız-qadasız, itkisin ötüşmədi. Azərbaycan Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də torpaqlarımızın azad olunması üçün çoxlu sayda itkilər, şəhidlər verdi. Qəhrəman oğullarımızın hünərdolu həyat yolu qəhrəmanlıq salnaməsi oldu, Onların vətən sevgisi, fədakarlığı gənc nəsillər üçün əsl örnəkdir. Şəhidlərimizin xatirəsini yaşatmaq, onların qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq, ailələrinin qayğısına qalmaq həm dövlət, həm də vətəndaş olaraq borcumuzdur.
Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetidir. Həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasimlərinin təşkili üçün ailələrə 3 min manat məbləğində maliyyə yardımının göstərilməsi, aylıq olaraq hər şəhid ailəsinə 600 manat məbləğində Prezident təqaüdünün verilməsi, şəhid övladlarının ali təhsil ocaqlarında ödənişli təhsildən azad olunması dövlətin şəhid və qazi ailələrinə qayğısının bariz nümunəsidir. 2021-2025-ci illər ərzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Ümumillikdə ötən dövr ərzində 20 minə yaxın mənzil və fərdi ev şəhid ailələri və müharibə nəticəsində əlilliyi olan şəxslərə təqdim edilib. Vətən müharibəsindən sonra şəhid ailələri və müharibəylə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 7 dəfə genişləndirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə:
• şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min şəxsə birdəfəlik ödəmə təyin olunub;
• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib;
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 67 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;
• müharibə ilə əlaqədar əlilliyi olan 2 204 şəxs 60 min reabilitasiya vasitəsi, o cümlədən 488 şəxs 594 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 23,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 11,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 358 min xidmət göstərilib. (https://sosial.gov.az/index.php/az/media/xeberler/postmuharibe-dovrunde-sehid-aileleri-uzvleri-ve-muharibe-istirakcilari-olan-106-min-sexse-ayliq-sosial-odenis-teyin-olunub)
Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanan və şəhid olan hərbçilərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək məqsədilə "YAŞAT" Fondu yaradılıb. Yaradılmasından ötən 5 il ərzində bir çox insan fondun xidmətlərindən yararlanıb. Onlar hərtərəfli qayğı və diqqətlə əhatə olunurlar. Fondun əsas istiqaməti şəhid ailələri və qazilərin məişət şəraitinin yaxşılaşdırılması, təhsil, peşə hazırlığı, yaradıcı potensialın inkişafı, bu kateqoriyadan olan insanların müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi və istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasıdır.
Şəhid ailələrinin və qazilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması cəmiyyətin və dövlətin diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq prinsiplərini rəhbər tutaraq sinəsini tanklara sipər edən, ağır silahlara qarşı yumruqları ilə vuruşan, qorxmaz, igid şəhidlərimizin ailələrinə təmənnasız köməyini davam etdirir. Fond 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar növbəti hədiyyə karvanı layihəsini reallaşdırıb. Məqsəd şəhidlərimizin bizə əmanət qoyduğu övladlarına sevinc bəxş etməkdir. Qəhrəman şəhidlərimiz qəlbimizdə və tarixin səhifələrində əbədiləşiblər. Onların Vətən sevgisi hər zaman xalqımızın ən qiymətli mənəviyyat, qəhrəmanlıq xəzinəsi olaraq qalacaq. Biz şəhid ailələrinə olan dəstəyin miqyasını genişləndirməliyik. Bunun üçün hər cür imkanımız vardır. Düşünürəm ki, şəhid övladlarının uğurları mətbuatda geniş təbliğ olunmalıdır. Onların valideyləri, özləri ictimaiyyətə nümunə kimi göstərilməlidir. Dövlət qurumlarımız şəhid ailələrini, qaziləri heç vaxt yaddan çıxarmamalı, keçirilən bütün tədbirlərə onlar dəvət olunmalıdırlar. Büdcə ili ərzində xərcləməyən vəsaitlər şəhid ailələri və qazilərin problemlərinin həllinə yönəlməlidir. Müharibə iştirakçılarının ali təhsil müəssisələrinə qəbulunda güzəştlər tətbiq edilsin.
Şəhid ailələrinə diqqət və qayğı bütün dövlət qurumlarında olduğu kimi özəl sahədə və yerli icra hakimiyyəti oqranlarında da fəaliyyətin əsas sahəsini əhatə edir.
Dövlət başçısı İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb (Prezident.az). Sənəddə görə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda müvafiq dəyişikliklər edilib. Yerli cira hakimiyyətlərində yaradılan yeni şöbə bir başa şəhid ailələri, qazi və müharibə veteranlarının problemləri və bu sahədən olan insanlarla iş aparacaq.
Aradan keçən müddət ərzində bu şöbələrin həyata keçirdiyi işlər nəticəsində demək olar ki, şəhid ailələri, müharibə veteranlarının problemləri minimum səviyyəyə düşüb.
Aparılan müşahidələr onu deməyə əsas verir ki, özəl sahədə fəaliyyət göstərən təşkilatlarda da həm işə qəbul, həm göstərilən yardım və dəstək baxımından şəhid ailələrinə xüsusi diqqət göstərilir.
Bütün bunlar isə onu deməyə əsas verir ki, bu gün Azərbaycanda həssas əhali qurupuna aid olan şəhid ailələri, müharibə veteranları, qazilərə xüsusi diqqət və qayğı var. Bu isə yürüdülən məqsədyönlü siyasətin nəticəsidir.
İctimai sahədə də şəhid ailələrinin maarifləndirilməsi, onların hüquqularının müdafiəsi və mövcud problemlərinin həlli ilə bağlı həyata keçirilən davamlı layihələr nəticəsində müsbət dinamika hiss olunmaqdadır. Bu ypndə fəaliyyət göstərən İctimai Təşkilatların həm Bakıda həm də regionlarda keçirdikləri tədbirlər nəticəsində şəhid ailələrinin hüquqi maarifləndirilməsi demək olar ki, təmin olunub.
Yazı ”Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.