Səhiyyə sisteminə ayrılan xərclər hansı istiqamətlərdə xərclənəcək? - ŞƏRH

2024-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ümumi olaraq 1871,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 66,3 milyon manat və ya 3,7 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 453,4 milyon manat və ya 32,0 faiz çoxdur.

Bəs tibb sisteminə ayrılan xərclər hansı istiqamətlərdə xərclənəcək?

Bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli “MediaPost”a açıqlamasında qeyd edib ki, bu xərclərin 1376,0 milyon manatı yəni bu xərclərin 73,5 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanma xərclərinə yönələcəkdir ki, bu sığortalanma xərclərinin tərkibinə uşaqlar, universitetdə oxuyan gənclər, təqaüd alan şəxslər və digər əhali qrupu aiddir. O bildirib ki, bu vəsait həm də dolayı yolla səhiyyənin inkişafına ayrılmış vəsaitdən ibarətdir:

“Yerdə qalan 500 milyona yaxın vəsait isə Səhiyyə Nazirliyinin tərkibində olan müəssisələrin saxlanma xərcləridir. Bundan başqa, bir çox dövlət müəssisələrinin tərkibində fəaliyyət göstərən xəstəxanalara ayrılan xərclər, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin həkim-sanitar hissələri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin tərkibində olan səhiyyə müəssisələrinə ayrılan vəsaitlər, Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarına ayrılan mailiyyə var. Qalan digər vəsaitlər isə dövlət proqramları, infeksiyaya yoluxmuş xəstə şəxslərin müayinəsi və monitorinqin aparılması üçün nəzərdə tutulub. Həmçinin bu vəsaitin tərkibində Gənclər və İdman Nazirliyinin tərkibində fəaliyyət göstərən tibbi bədən tərbiyəsi dispanserlərinin saxlanma xərcləri, o cümlədən də elmi tədqiqat fəaliyyəti ilə əlaqədar xərclər nəzərdə tutulub”. 

Millət vəkili bildirib ki, gələn ilin dövlət büdcəsi səhiyyənin hər tərəfi inkişafı üçün iqtisadi əsas verir:

“TƏBİB-in saxlanma xərcləri, digər infrastruktur, səhiyyə təchizatı məsələlərinə ayrılmış vəsaitlər və xəstəxanaların modernləşməsi üçün müxtəlif avadanlıqlara ayrılan xərcləri yuvarlaqlaşdırdıqda 1,5 milyard nəzərdə tutulubbunun üzərinə 1,9 milyard vəsaiti də gəldikdə, 3,4 milyarda yaxın vəsaitin səhiyyə sahəsinə ayrılmasının şahidi oluruq. Bütün bunlar onu göstərir ki, keçən illə müqayisədə kifayət qədər artım var”.