Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu ölkədə səhnə və sosial şəbəkə mədəniyyətində müşahidə olunan geriləmədən narahatlığını ifadə edib. Onun sözlərinə görə, bəzi mediada efirə çıxan müğənnilərin davranışları, jestləri və səsləndirdikləri mahnılar mədəniyyət adına ciddi suallar yaradır.
Sabahinfo.az-ın məlumatına görə, deputat bildirib ki, bəzi ifaçıların səhnə davranışında emosional qeyri-sabitlik, bayağı jestlər və məzmun baxımından zəif performanslar açıq şəkildə görünür:
“Müğənninin mimikasına, jestlərinə, səsinə baxanda insan düşünür ki, sanki bir azdan intihar edəcək. Bu hansı səhnə mədəniyyətidir? Bu jest siyasətçi jestidir, müğənni jestidir, yoxsa boksçu jestidir? Niyə mahnı oxuyan adam daim əlini, barmağını tamaşaçıya tuşlamalıdır?”
O qeyd edib ki, səhnə mədəniyyəti anlayışı itib-batır və buna kiminsə nəzarət etməsi artıq zərurətə çevrilib. Onun fikrincə, mədəniyyət sahəsində aparılan islahatlar fonunda bu məsələlər ya qanunvericilikdə öz əksini tapmalı, ya da ictimai müzakirəyə çıxarılmalıdır.
Deputat həmçinin mədəni irsə sahib çıxmağın vacibliyini vurğulayıb:
“Musiqi və dil mədəniyyətimizdən tutmuş digər sahələrə qədər əldə etdiyimiz dəyərləri qorumalıyıq. Ziyalılarımızın, musiqişünaslarımızın, səhnə mədəniyyətinə sahib sənətkarlarımızın təşəbbüsü ilə bu prosesə ciddi yanaşmaq lazımdır. Təkcə qanunla bu deqradasiyadan qurtula bilməyəcəyik”.
Hikmət Babaoğlu sosial şəbəkələrdə davranış mədəniyyətinin formalaşdırılması məsələsinə də toxunub. Onun sözlərinə görə, sosial şəbəkələrdəki ünsiyyət tərzi milli-mənəvi dəyərlərə birbaşa təsir edir və bununla bağlı addımların atılması vacibdir.
Deputat bildirib ki, həm səhnədə, həm də onlayn mühitdə mədəniyyətin qorunması ümummilli məsələ kimi dəyərləndirilməlidir.