"Sənədin bütün müddəaları ölkəmizin maraqlarına tamamilə uyğundur"

“26 noyabr 2021-ci il tarixində Rusiyanın Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş və imzalanmış birgə Bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir. İlk növbədə imzalanmış sənəd bir daha nümayiş etdirdi ki, Azərbaycan və Rusiya ümumi regional yanaşmaya malikdirlər və hal-hazırda ölkələrimizin liderləri arasında qarşılıqlı etimad, dostluq və anlaşma mövcuddur. Qeyd etmək lazımdır ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya prezidentləri arasındakı dostluq hər iki dövlət başçısının açıq və səmimi siyasət yürütməsinə əsaslanır. Xüsusilə son bir il ərzində ölkələrimiz arasında ən müxtəlif səviyyələrdə olduqca fəal və səmərəli dialoqlar, müzakirələr aparılıb. Məhz bu dialoqlar sayəsində ikitərəfli formatda bir çox vacib məsələlər öz həllini tapıb. Münasibətlərin bütün istiqamətlərdə inkişafı isə əlbəttə ki, qarşılıqlı maraqlar əsasında təmin edilir.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili ilk növbədə belə bir məqamı vurğulayıb ki, Ermənistan rəhbərliyinin xəyanətkarlıq, təxribatçılıqla xarakterizə olunan siyasəti nəticə etibarı ilə bu ölkənin daha çox nüfuzdan düşməsinə və mövqeylərinin daha çox zəifləməsinə səbəb olub: “Ermənistanın Azərbaycana qarşı təxribatları istər Vətən müharibəsindən əvvəlki dövrlərdə, istərsə də postmüharibə dövründə hər zaman davam edib. Lakin hadisələrin gedişi göstərdi ki, Ermənistanın xəyanətkar siyasəti təkcə Azərbaycana qarşı deyil, həmçinin onun strateji müttəfiqlərinə qarşı da yönəlib. Məsələ bundadır ki, bu gün ABŞ-ın “soyuq müharibə” dövründən sonra Rusiyaya qarşı yeni koalisiya yaratmağa çalışdığı heç kim üçün sirr deyil. O cümlədən dekabr ayında ABŞ-da keçiriləcəyi planlaşdırılan “demokratiya sammiti” də bu koalisiyanın yaradılması istiqamətində atılan konkret addım kimi dəyərləndirilir. Nəzərə alsaq ki, Ermənistan “demokratiya sammiti”nə dəvət almış və bununla da Rusiyaya qarşı yeni yaradılan koalisiyada yerini təsdiqləmiş yeganə KTMT və Avrasiya İttifaqı üzvüdür, bu zaman rəsmi İrəvanın təkcə Rusiyaya deyil, eləcə də KTMT üzrə bütün digər strateji tərəfdaşlarına da xəyanət etdiyini aydın görmək olar. Təbii ki, bu vəziyyət, xüsusilə də Paşinyanın sözügedən sammitə dəvət alması ilə lovğalanması Moskvanın diqqətindən yayına bilməzdi. Necə ki, Paşinyanın danışıqlar prosesinə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj etməsi də diqqətdən kənarda qalmadı. Ermənistanın baş naziri Soçi görüşü ərəfəsində də eyni addımı atdı. Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər açıq-aşkar Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat idi və bu, şəxsən Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyinə qarşı böyük hörmətsizlik idi. Amma Paşinyanın bu sabotaj cəhdi baş tutmadı və Soçidə o, yenidən güzəştə getməyə məcbur oldu.”

Daha sonra Novruzəli Aslanov 26 noyabr Bəyanatının Azərbaycanın maraqlarına tamamilə cavab verdiyini vurğulayıb və qeyd edib ki, imzalanmış sənəddə ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi də Ermənistanın mövqeyini zəiflədən məqam kimi dəyərləndirilməlidir: “Birmənalı olaraq qeyd olunmalıdır ki, 26 noyabr Bəyanatında hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi tam olaraq öz əksini tapıb. Ilk növbədə bu Bəyanatda sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması zəruri şərt kimi nəzərdə tutulub. Həmçinin Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya prezidentinin öz çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlərin yer alması Zəngəzur dəhlizinin ən yaxın zamanlarda açılacağından xəbər verir. Azərbaycan Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə də güc yolu ilə. Bu gün biz artıq bu istiqamətdə əməli addımların atıldığını görürük. Həmçinin Bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə ümumiyyətlə rast gəlinməməsi, eləcə də ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi də rəsmi İrəvanın mövqeyinə növbəti güclü zərbədir. Ən azından Paşinyanın öz çıxışında Şarl Mişelə çağırışlar etməsi, həmçinin Avropa vasitəçiliyini gündəmə gətirməyə yönəlik cəhdləri bunu deməyə əsas verir. Aydındır ki, bundan sonra sülh danışıqları daha çox ikitərəfli formata yönələcək. O cümlədən Rusiya Federasiyası da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, regionda etimad mühitinin formalaşması və mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcəyini bəyan edib. Beləliklə, 26 noyabr Bəyanatında Azərbaycan dövlətinin qətiyyətli mövqeyi öz əksini ən qabarıq formada tapıb və bu sənədin bütün müddəaları ölkəmizin maraqlarına tamamilə uyğundur.”