Sənin “Segah”ını yenə dinləyək, Arif müəllim!..

Musiqi xalqın tarixinin cığırdaşıdı – yaradılır, yaşadılır, yaşanır. Qolça qopuzdan üzü bu yana saz havaları ruhumuz tarixin sabahlarına yol alıb. Dünyanı heyrətləndirə-heyrətləndirə məbədə dönüb. Onlarla xarici vətəndaş dilimizi bilməyə-bilməyə musiqimizə vurulub, tarda, kamançada muğamlarımızı, xalq havalarımızı ifa edib. Xalq musiqisi, xalqın musiqisi tarixin müxtəlif mərhələlərində xalqın düşüncə sisteminin ifadəsi olub...
“İstiqlal”, “Şərəf”, “Şöhrət” ordenli xalq artisti professor, ünlü xanəndə Arif Babayevin 84 yaşı tamam oldu. Bu günün yaşlıları da, gəncləri də səsi, avazı tarixdə qalacaq xanandəni həmişə sevə-sevə dinləyiblər. Bu gün neçə-neçə tələbəsi xalq artistidi, əməkdar artistdi. Bu faktı sevdiyimiz xanəndənin özü də qürurla etiraf edir: Tələ­bə­lərimin də tələbələri var və buna xanəndə xoşbəxtliyi deyilməlidir.
Arif Babayev nə oxuyubsa, yaddaşlara yazılıb, yaddaşlara yazılanlar tarixə yazılıb. Nə oxuyubsa, hamısı Qarabağ adlı musiqi kəhkəşanının zərrəsini xatırladıb.
Arif Babayev həm də yaradıcı xanəndədir. Xalq artisti Əlibaba Məmmədov kimi, istedadlı muğam və opera ifaçısı Qulu Əsgərov kimi o da neçə-neçə mahnı bəstələyib. Oxunur – sevilir, sevilir – oxunur...
Muğam müsabiqələrində münsiflər heyətinin üzvü kimi gənc iştirakçılara dəyərli məslə­hət­ləri onların ifaçılığında başlıca dərs (bəlkə də məktəb!) oldu. Həmin gənc xanəndələrdən neçəsi əməkdar artistdir, Opera və balet teatrının solistidir, səhnəmizin Məcnunudur, Leylisidir, Kərəmidir, Əslisidir, Şah İsmaılıdır, Ərəbzəngisidir...
84 yaş həm ağsaqqallıq yaşıdı, həm də aqillik.
Aqillik yaşın mübarək, Arif müəllim! Sənin “Segah”ından kimsə doymayıb. Mən də doymamışam...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı