"Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin olunub, milli ordu yaradılıb, milli valyutanın dövriyyəyə buraxılıb, milli bank təsis edilib. Demokratik dövlət olan yeni Cümhuriyyət beynəlxalq əlaqələr qurub və beynəlxalq ictimaiyyət tərəfindən tanınıb ". Bunu Milli Məclisin deputatı Azər Kərimli deyib. Onun sözlərinə görə, Xalq Cümhuriyyəti ənənələrinin bu gün də müvəffəqiyyətlə davam etdirilir: “Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır”.
Azər Kərimli onu da bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı: "Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.”
Millət vəkili Cümhuriyyətin adının özünə qaytarılmasının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Ümummilli lider Heydər Əliyev öz çıxışlarından birində qeyd edib: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”.
Deputat Azər Kərimli Ulu Öndərin Cümhuriyyətlə bağlı siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib: “Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.”