"Sırf proporsional seçki sistemi uğur gətirməz"

Milli Məclisin deputatı Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsi:

– Nəsib müəllim, azərbaycanlı hərbçilərin saxlanılan erməni hərbçilərə atəş açdığı iddia olunan video ilə, yəqin ki, tanışsınız. Buna münasibətinizi bilmək istərdik…

– Bu, sosial şəbəkələrin Ermənistan seqmentində geniş yayılıb. Ermənilər,  sözügedən videonun ətrafında xeyli ajiotaj yaratdılar və beynəlxalq təşkilatlara, müxtəlif dövlətlərə məlumatlar ötürməkdə davam edirlər. Guya Azərbaycan ordusunun əsgərləri, beynəlxalq konvensiyalara zidd olaraq erməni əsirlərə qarşı cinayət törədiblər. Ola bilər, yayılan video saxtadır, montaj olunub. Tarixən görmüşük ki, ermənilər saxta təbliğatdan çox məharətlə istifadə etməyi bacarırlar.

– Ölkə daxilində bəzi ictimai və siyasi fəallar bu məsələyə görə Azərbaycan ordusunu, hökuməti tənqid edirlər…

– Ermənilər maksimum çalışırlar ki, Azərbaycan xalqının dünyaya vəhşi obrazını  təqdim etsinlər. Ermənilərin addımları başadüşüləndir, informasiya savaşı çərçivəsində düşmənçiliklərini davam etdirirlər. Amma Azərbaycanın bəzi sosial şəbəkə istifadəçilərinin, saytların videonu paylaşması, ölkə əleyhinə çıxış etməsi anlaşılan deyil. Bu, Azərbaycan xalqına qarşı düşmənçilikdən irəli gəlir. Hətta, hansısa əsgərimiz belə hala yol veribsə, o hadisənin yaranma şəraitinə diqqət yetirmək lazımdır. Müharibə şəraitində, insanların daxili emosional vəziyyəti tam fərq olur. Ona görə də döyüş şəraitindən asılı olaraq, əsgər affekt vəziyyətində hisslərini cilovlaya bacarmaya bilər.

– Doğrudur, psixoloji vəziyyət nəzərə alınmalıdır…

– Ermənilər həm Birinci Qarabağ müharibəsi, həm də sonrakı dövlərdə Azərbaycan xalqına qarşı elə qətliamlar törədiblər ki, sayı-hesabı yoxdur. Xocalı, Ağdaban faciələri, Daşaltıda baş verən hadisələr, 1994-cü ildə atəşkəs elan edildikdən sonra axar sular vasitəsilə minalı uşaq oyuncaqlarının göndərilməsi nəticəsində günahsız körpələrin qətli, 4 min azərbaycanlının taleyinin indiyədək bəlli olmaması, azərbaycanlı əsirlərə işgəncələr… Müharibədən sonra bir qismi həbs olundu, cəzalarını çəkirlər. Sosial şəbəkədə ermənilərə dəstək verənlər, heç olmazsa, o kadrlarla tanış olaydılar. Sadəcə, ayıbdır! Təəssüflər olsun ki, cəmiyyətimizdə insanların bəziləri qərblidən daha çox qərbli olmağı qarşıya məqsəd qoyublar. Digər qisim İrandakı mollalardan daha artıq molla olmağa çalışırlar. Bu gün İran molla rejimi diplomatiyası, iqtisadiyyatı, hərbisi ilə Ermənistanın yanındadır, bunu görməmək mümkün deyil. Hansı ki, müxtəlif “nağıllarla” xalqı cəhalətə sürükləyir. Rusiyapərəstlər də var… Bu, cəmiyyətdə parçalanmalara gətirib çıxarır. Tarixin məsuliyyətli anlarında dövlətimizin, ordumuzun, şəhid ailərinin, qazilərin yanında olmağı bacarmalıyıq. Hərbçilərlə bağlı videoda göstərilənlərə, olubsa belə, qətiyyən haqq qazandıra bilmərəm. Ancaq videonu paylaşanları kəskin şəkildə qınayıram. İnsanlar başa düşməlidirlər ki, sosial şəbəkədə yerləşdirilən hər bir neqativ video dövlətimizin  əleyhinə istifadə oluna bilər. Məsuliyyəti dərk etməli, bilməliyik ki, əsas məsələ milli maraqlarımızın qorunmasıdır.

– Sentyabrın ortalarında baş verən erməni təxribatı ilə bağlı da Azərbaycanı günahlandırdılar. Hətta Azərbaycanı təcavüzdə ittiham etdilər. Müdafiə Nazirliyi deyilənləri təkzib etdi. Hansı faktlara əsasən bu iddialar irəli sürülə bilər?

– Həmin qüvvələr düşmən dəyirmanına su tökməklə məşğuldurlar və Azərbaycan xalqına, dövlətinə yad ünsürlərdir. Açığını deyim ki, özlərini müxalifət adlandıran Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Şuranın antimilli mövqeyini, Avropada oturub erməni təbliğatı aparanları, onlara ayı xidməti göstərənləri anlamıram. Müharibədə 3 minə yaxın şəhid vermişik. Minlərlə qazimiz var. 30 il mənasız danışıqlar aparıldı. Ermənilər, həyasızcasına torpaqları boşaltmaqdan imtina etdilər. Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır-nöqtə.” deyirdi, müdafiə naziri “yeni müharibə yeni ərazilər üçün” tezisini irəli sürürdü… Sən necə erməni vəhşiliklərini unuda, onlara dəstək verə, öz ölkəni təcavüzkarlıqda ittiham edə bilərsən? Müharibədən sonra aydın olur ki, ermənilər heç bir qarış torpağı qaytarmaq istəmirmişlər.

– Azad edilən ərazilərdəki postların vəziyyətindən görünür…

– Torpaqları öz gücümüzlə, mürəkkəb geosiyasi şəraitdə azad etmişik. Belə bir dövlət varmı? 2020-ci ilin noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Erməni terrorçuları Qarabağdan çıxarılmalı idilər, amma bir hissəsi çıxarılmadı, ağır texnika da çıxarılmalı idi, bunu da yerinə yetirmədilər. Sərhədlərin delimitasiya və demarkasiyasına başlanılmalı idi, hər iki tərəfdən komissiya yaradılmışdı, amma icra edilmədi. Zəngəzur dəhlizi ilə bağlı da öhdəlik yerinə yetirilməyib. Minalanmış ərazilərin də real xəritələrini təqdim etmədilər. Əlavə olaraq, çoxsaylı minalar basdırıldı. Azərbaycan Prezidenti cənab İlham Əliyev sülh razılaşması üçün 5 şərt irəli sürdü, bu şərtlərin hər biri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ermənistan bütün bunların fonunda müharibə çağırışları edir, yeni silahlar alır, Azərbaycanla bağlı dünya ölkələrinə, beynəlxalq təşkilatlara şikayətlər edir, sanksiyaların tətbiq olunmasına çalışır. Sərhədlərin müəyyənləşməsinə cəhd etmir, yenidən “status” məsələsini ortaya atıb, fəaliyyətsiz Minsk Qrupunu diriltməyə çalışır. Azərbaycan sərhədi harada keçib? Sərhəd var ki keçsin? Beynəlxalq təşkilatlar, o cümlədən KTMT, onlara tutarlı cavab verdi… Azərbaycanın Ermənistan ərazisinə təcavüz etdiyini sübuta yetirmək üçün əvvəllcə sərhədlər müəyyənləşdirilməlidir.

– Bildirirlər ki, Azərbaycan Xankəndində anti-terror əməliyyatı keçirmir, qanunsuz silahlı birləşmələri çıxarmır, amma Zəngəzur məsələsini qabardır…

– Azərbaycan ordusu üçün Xankəndində və digər ərazilərdə anti-terror əməliyyatları keçirmək çətin iş deyil. Zərurət yaranarsa, an məsələsidir. Anti-terror əməliyyatlarına başlasaq, dünyanı üstümüzə qaldırmış olarıq. Bizi etnik təmizləmə siyasəti həyata keçirməkdə günahlandıra bilərlər. Bunu etmək olmaz, amma sülhə məcburetmə metodlarından istifadə etməliyik. Hər kəsə bəllidir ki, 12-14 sentyabrda Ermənistan ordusu, genişmiqyaslı təxribat törədib. Hücumu onlar ediblər, bizim hərbi hissənin təchizat yollarını minalayıblar… Azərbaycan ordusu nə etməli idi? Bir daha daşnakların belə bir təxribata əl atmasının qarşısını almaq üçün, layiqli cavab verdi. Azərbaycan Ordusunun, Ermənistanın dövlət sərhədini pozmaqda ittiham edənlərdən soruşmaq lazımdır. 1990-cı illərin əvvəllərində Ermənistan ordusunun Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Zəngilanı, Cəbrayılı və digər əraziləri işğal etmələrinə, vəhşicəsinə dağıtmalarına sözünüz nədir? Ermənistan ordusu, o zaman, öz sərhədləri daxilində hərəkət edirdi? Sadəcə, ayıbdır! Siyasi cəhətdən o qədər kor olmalısan ki, Azərbaycan ordusunu Ermənistana təcavüzdə ittiham edəsən… Mənə elə gəlir ki, bu insanlar erməni mənbələrindən qidalanırlar. Belə yanaşma xəyanətdir, dövlət, xalq üçün böyük təhlükədir. Baxın, Suriyaya, İraqa, Əfqanıstana satqınların, “beşinci kolon”un sayəsində məhv olublar, dövlətçilikdən əsər-əlamət qalmayıb, yaxın 10 illiklərdə də sabitlik olmayacaq.

– Qeyd edirsiniz, ölkədə Qərbpərəst, İranpərəst, Rusiyapərəstlər var. Bəs Azərbaycanpərəstlər neçə faiz təşkil edir?

– Azərbaycanpərəstlərin sayı kifayət qədərdir, millətin böyük əksəriyyətini təşkil edir. Sadəcə, ayrı-ayrı mərkəzlərdən öyrədilmiş həyasız təbəqə də var, faktları görə-görə inkar edirlər. Özləri də başa düşürlər ki, burada maddi maraqlar var. Tarixin bütün dövrlərində dövlətinə, xalqına xəyanət etmiş satqınlar həmişə olub və gələcəkdə də olacaq. Sadəcə, onlar təşkilatlandığı üçün fəaliyyətləri diqqət çəkir. Azərbaycanpərəstlər 44 günlük Vətən Müharibəsində yumruq kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşdilər. Ziyanlı xarici ideologiyanın təsirinə düşənlər isə, ümumxalq birliyinin qarşısında gizlənmək məcburiyyətində qaldılar. Sonradan yenidən üzə çıxdılar. Bu da təbii ki, ölkədəki demokratik mühitlə əlaqədardır.

– Məsələ burasındadır ki, həmin şəxslər ölkədəki demokratiyanın vəziyyətindən də şikayət edirlər. Məsələn, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini partiyaların fəaliyyətini məhdudlaşdıran sənəd kimi təqdim edirlər… Konkret olaraq, qeyd olunur ki, bu layihə Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının fəaliyyəti ilə bağlıdır.

– Düşünmürəm ki, hökumət hansısa siyasi partiyanın qeydiyyatının ləğvinə çalışır. Əksinə, ehtiyac olmadığı halda belə, bir neçə siyasi partiya bu yaxınlarda qeydiyyata alınıb. “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunmuşdu. Ondan sonra Konstitusiya qəbul olundu. Bütün sahələrdə, o cümlədən siyasi sistemdə islahatlar aparıldı. Siyasi partiyalarla da bağlı yeni qanuna ehtiyac var idi.

– Qanun layihəsinin müddəalarının kifayət qədər sərt olduğu bildirilir…

– Bu, hələ qanun deyil, layihə formasındadır, sərt ola bilər. Bu o demək deyil ki, qanun bu formada qəbul ediləcək. Düşünürəm ki, Milli Məclisdə ətraflı müzakirələr aparılacaq. Siyasi partiyalar da təkliflərini bildiriblər. Müzakirələrdə də çıxış edə bilərlər.

– Onlar Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirirlər, deyirlər, səsimizi buradan eşidin…

–  Bilirsiniz, əsrimiz informasiya kommunikasiya texnologiyaları əsridir. Kiminsə, hansısa təşkilatın səsinin eşidilməsində heç bir problem yoxdur. Keçmiş zamanlarda internetin, rabitənin olmadığı dövrdə kütləvi toplaşmaq, səslərinin eşidilməsi tələbi ilə çıxış etmək zərurəti vardı. İndi hər kəs evində oturub, istənilən fikri, problemi istənilən ünvana saniyələr ərzində çatdıra bilər. Köhnəlmiş ictimai rəylə manipulyasiya etmək lazım deyil. Təklif versinlər… Qanunu hansı formada görmək istəyirlərsə, alternativlər ortaya qoysunlar. Layihə parlamentdə müzakirəyə çıxarılanda, deputatlar, siyasi partiyalar fikirlərini bildirəcəklər. Layihədə mənim də razılaşmadığım müəyyən məqamlar var. Düşünürəm ki, müəyyən düzəlişlər ediləcəkdir.

– Proporsional seçki sisteminin bərpası təklif edilir. Mümkündürmü?

– Cəmiyyətdə müxtəlif fikirlər var. Bir qrup siyasətçi proporsional seçki sisteminin bərpasının tərəfdarıdır. Buna normal yanaşıram. Ola bilər ki, Milli Məclisin müəyyən hissəsi proporsional seçki sistemi əsasında formalaşsın. Çünki ölkədə kifayət qədər siyasi partiya var, artmaqda da davam edir. Nəzərə alın ki, 2000-ci ilin parlament seçkiləri daxil bu təcrübə olub. Ölkədə həm proporsional, həm də majoritar – qarışıq seçki sistemi mövcud idi. Hesab edirəm ki, proporsional seçki sistemi daha çox parlamentli respublikalarda effekt verir… Müşahidələr göstərir ki, bizim cəmiyyətdə, insanlar konkret siyasi  ideologiyaya deyil, liderlərə üstünlük verirlər. Ona görə də düşünürəm ki, sırf proporsional seçki sistemi uğur gətirməz. Qarışıq sistemin olması mümkündür.

– Bunun üçün də referendum keçirilməlidir…

– Mütləq! Konstitusiya dəyişiklikləri olmalıdır.