Azərbaycanda sosial-iqtisadi həyatın bütün sferalarında həyata keçirilən müxtəlif infrastrtukur layihələri – Cənab Prezident İlham Əliyevin iştirakı ilə həm təməl qoyma, həm də açılış mərasimləri artıq geniş vüsət alıb. Dövlət başçısının öz çıxışlarında qeyd etdiyi kimi Azərbaycanın bir çox sahədə, xüsusilə, energetika, turizm, yaşıl enerji və kənd təsərrüfatı sahəsində çox böyük potensialı var. Bu gün məhz bu istiqamətlərin daha da inkişaf etdirilməsi sahəsində formalaşdırılan dövlət siyasəti, artıq öz bəhrələrini verməklə yanaşı, yeni böyük infrastruktur layihələrinin əsasının qoyulmasına da rəvac verir.
Kənd təsərrüfatı sahəsi üzrə formalaşdırılan dövlət siyasətinə uyğun olaraq təməli qoyulan yeni irimiqyaslı layihələrdən biri də Cənab Prezidentin iştirakı ilə açılışı həyata keçirilən Şirvan suvarma kanalı olaraq adı dəyişdirilən Yuxarı Şirvan suvarma kanalıdır.
Hazırda ölkənin ikinci ən böyük kanalı olan 1958-сi ildə istismara verilmiş, mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən, 123,5 km uzunluğa sahib, Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının və Şirvanın qış otlaqlarının 112 min hektardan artıq əkin sahələrini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edən Yuxarı Şirvan suvarma kanalı faktiki olaraq yenidən inşa ediləcəkdir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur.
Qeyd olunanları nəzərə alaraq, Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2024-cü il tarixli Sərəncamı ilə kanalın ən qısa zamanda yenidən qurulması üzrə aidiyyəti dövlət orqanlarına zəruri tapşırıqlar verilmişdir.
Bundan əlavə kanalın yenidən bərpasının 10 ildən çoxdur ki, tamamilə quruyan Hacıqabul gölünün dolmasına və həmin ərazidə təbiətin yenidən canlanmasına çox müsbət təsiri olacaqdır.
Vətən müharibəsi və anti-terror tədbirləri nəticəsində əldə olunan qələbə torpaqlarımızın geri alınması ilə yanaşı illərdir düşmən tapdağı altında qalmış zəngin şirin su ehtiyatlarımızın da yenidən bizə qayıtmasını təmin etmiş oldu. Beləliklə, növbəti il inşasına başlanması planlaşdırılan bütövlükdə 9 rayon olmaqla 115 min hektar ərazinin suvarılmasında istifadə olunacaq Qarabağ kanalı Şirvan və Taxtakörpü kanalları ilə yanaşı başlıca su anbarı olacaqdır.
Həmçinin işğaldan azad olunan torpaqlarda görülən intensiv işlərin nəticəsi kimi Ağdam rayonunda artıq Xaçınçay su anbarı istifadəyə hazır vəziyyətə gətirilmişdir. Yaxın gələcəkdə açılışları nəzərdə tutulan Köndələnçay, Zabuxçay, Suqovuşan su anbarlarında isə işlər davam etdirilir. İnşa olunması nəzərdə tutulan digər ortamiqyaslı layihələr Həkəriçay və Bərgüşadçay su anbarları isə 100 min hektara yaxın yeni əkin sahələrinin suvarılmasında istifadə olunacaqdır.
Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı zamanı dünyada iqlim dəyişikliyi ilə əlaqədar yaranan problemlərdən də bəhs edərək, su hövzələrinin qurumasına və şirin su ehtiyatlarının azalması probleminə də toxunan Cənab Prezident bildirdi ki, “İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. Biz indi görürük ki, bu il faktiki olaraq əvvəlki illərdən fərqlənirdi. Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir.”
Qlobal istiləşmənin neqativ təsirlərinin hər kəsin açıq şəkildə hiss etdiyi, insan həyatı üçün ən zəruri tələbat olan şirin suya əlçatımlığının gedərək çətinləşdiyi, dünya dövlətlərinin şirin su ehtiyatlarının azalmağa doğru getdiyi bir dövrdə şirin sudan qənaətlə istifadə olunması, insanlıq qarşısında duran ən ümdə vəzifələrdən biridir. Cənab Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın şirin su ehtiyatlarının artırılması ilə bağlı digər mühüm bir layihədən – Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsindən bəhs edərək, layihənin həyata keçirilməsi ilə bu sudan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcəyini bildirdi.
Heç şübhəsiz ki, Möhtərəm Cənab Prezidentin rəhbərliyində həyata keçirilən və həyata keçirilməsi planlaşdırılan bütün böyük layihələrin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşının rifahının daha da yaxşılaşdırılmasıdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov