Şirvan şəhərində növbəti qəbul

04.08.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 5 nömrəli orta məktəbdə sakinlərlə səyyar qəbul-görüş keçirib.Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən  İlkin Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və  məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamlayıb. Sonra mənalı, şərəfli ömrünü Azərbaycan xalqına və müstəqil dövlətimizin hərtərəfli inkişafına həsr edən ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın məqsədyönlü fəaliyyətlərinin mühüm məqamlarından, dövlət başçısının Ali Baş Komandan kimi Vətən müharibəsində Zəfəri təmin edən uğurlu rəhbərliyindən, dünyanın ən nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrdən, Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasından, qərəzli mövqeləri ilə fərqlənən, dünyanın aparıcı dövlətlərinin və beynəlxalq qurumların rəhbərlərini susdurmasından danışıb. Vətən müharibəsində ordu və xalqın bir yumruq kimi Prezidentin ətrafında birləşdiyini qeyd edib. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də geniş abadlıq-quruculuq işlərinin aparıldığını, küçələrin işıqlandırıldığını, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulduğunu, sosial layihələrin uğurla həyata keçirildiyini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində paytaxdan kənarda ilk dəfə olaraq Şirvan şəhərində iki nümunəvi məhəllənin salındığını diqqətə çatdırıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət etdiyini bildirib. Şəhər ərazisində mənzilə ehtiyacı olan aztəminatlı ailələrin sayının artdığını nəzərə alaraq Mənzil İnşaat Agentliyinə 8 hektardan çox torpaq sahəsinin ayrıldığını, tikintinin aparılması istiqamətində zəruri tədbirlərin görüldüyünü qeyd edib. Vətən müharibəsində xüsusi xidmətləri ilə fərqlənən şəhid və müharibə iştirakçılarının xidmətlərinin  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də layiqincə dəyərləndirdiyini vurğulayıb. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  Vətən müharibəsində xidmətlərinə görə şəhid Qarayev Elnur Qalib oğlunun təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini şəhidin anası Mahirə Qarayevaya, şəhid, baş leytenant  Bağırov Fuad Allahverdi oğlunun layiq görüldüyü “Vətən uğrunda” medalını şəhidin anası Fəridə Bağırovaya, Vərən müharibəsi iştirakçısı Xudaverdiyev Valeh Vaqif oğluna təltif olunduğu “Qubadlının azad olunmasına görə”, “Zəngilanın  azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medallarını təqdim edib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək deputat kimi fəaliyyətindən, seçicilərlə keçirdiyi görüşlərdən və son illərdə Şirvan şəhərində aparılan abadlıq, quruculuq işlərindən danışıb, görülən işlərin  sakinlər tərəfindən razılıqla qarşılandığını qeyd edib. Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.