Siyasi-diplomatik qələbənin Laçın zirvəsi

“Biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Prezident İlham Əliyevin rəsmi tviter səhifəsində yazılan bu sözlər Laçının yeni dövrə qədəm basdığından, bu rayonumuzun da digər işğaldan azad olunan ərazilərimiz kimi yenidən qurulacağından xəbər verir. Qısa zamanda Füzulidə Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, bu ilin oktyabr ayından Zəngilan Beynəlxalq Hava Limanının və 2024-cü ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə veriləcəyi avtomobil, dəmir yolu ilə yanaşı hava məkanından istifadə edərək bu ərazilərdə olan maddi və mədəni irsimizi beynəlxalq aləmə tanıtmaqla yanaşı, beynəlxalq investisiyanın bu ərazilərə cəlbi baxımdan mühüm əhəmiyyət kəsb edir. Laçında ümumtəhsil müəssisəsinin tikilməsi, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikinti işləri ilə bağlı tədbirlər haqqında sərəncamlar Laçının yeni dövrə qədəm qoymasının tərənnümüdür.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı İltizam Yusifov Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri zamanı bu ərazidə yol infrastrukturunun qurulması, Laçında bayrağımızın ucaldılması məsələsinə münasibət bildirərkən deyib.

Azərbaycanın hər bir qarış torpağı kimi Laçının da bizim üçün əziz olduğunu diqqətə çatdıran deputat deyib: “Prezident İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını dalğalandırması, tarixi hadisədir. 1992-ci ilin mayında o zaman hakimiyyətdə olanların xainliyi nəticəsində itirdiyimiz Laçın şəhəri də digər işğaldan azad olunan ərazilərimiz kimi erməni vandallarının təsirinə məruz qalıb. Dövlətimizin başçısı Laçın şəhəri ilə tanış olarkən oradakı infrastrukturların yerlə-yeksan edildiyinin bir daha şahidi olduq. Prezident İlham Əliyevin dediyi kimi artıq Laçında araşdırma işləri aparılır, dəymiş ziyan hesablanır.

Təəssüf ki, erməni havadarları bu kimi vəhşiliyi görmək əvəzinə Azərbaycan əleyhinə çıxışlar edirlər. Onların bu kimi çıxışlarının təbii ki, heç bir əsası yoxdur və bunu Prezident İlham Əliyev Laçın şəhərində nitqi zamanı bir daha vurğuladı ki, Azərbaycanla heç kim zor dili ilə danışa bilməz. Bu gün regionda ciddi hadisələr baş verir. Şimalda, cənubda baş verən hadisələrin fonunda Azərbaycanın tarixi torpaqlarına sahib çıxması zamanın tələbidir. Müzəffər Ordumuz bu işi qətiyyətlə və yüksək məharətlə həyata keçirir”.

İ.Yusifov əlavə edib: “Beynəlxalq aləmin “kor olan gözləri” açılmalı, erməni vandalizminə beynəlxalq səviyyədə qiymət verilməlidir. Prezident İlham Əliyev dövrümüzün ən böyük strateqidir. Dövlətimizin başçısı Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz daim inkişaf edib. Qlobal böhrandan ən az ziyanla çıxan ölkələrdən olduq, pandemiya bəlasından, eləcədə digər qlobal problemlərdən məharətlə çıxmağı bacardıq. Bütün bunlar üçün yüksək idarəçilik, düşünülmüş və planlaşdırılmış addımlar atıldı. Bu gün bir sıra özünü müxalif elan edən, əslində cəmiyyətdə heç bir nüfuzu olmayanlar Laçın şəhərinin işğaldan azad olmasını həzm edə bilmirlər. Nəzərə almaq lazımdır ki, Laçın bir güllə atılmadan belə düşməndən azad olunub. Bu, yeni dünya tarixində bənzəri olmayan bir hadisədir ki, işğal altında olan torpağını düşmənə güllə atmadan, qan tökmədən geri ala biləsən. Bunu Prezident İlham Əliyev bacardı. Heç olmasa, bu kimi nüansa qiymət vermək, sosial şəbəkənin verdiyi imkanlardan istifadə edərkən bu məsələləri göz önünə gətirmək lazımdır”.

Deputatın sözlərinə görə, son hadisələr onu göstərir ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır, delimitasiya prosesinə başlamaqdan hər vəchlə yayınır: “Nə qədər ki, düşmən sülhdən yan qaçacaq o zamana kimi məğlub olacaq. Ermənistan daxilində baş qaldıran etiraz aksiyaları da onu deməyə əsas verir ki, bu ölkədə həm sosial, həm siyasi mühit qarışıqdır. Ermənistan bu şansdan düzgün istifadə etməsə hazırkı vəziyyətdən də daha çətin vəziyyətə düşəcək. Artıq nə Rusiya, nə də Qərb Ermənistan kimi problemlə yaşamaq istəmir. Prezident İlham Əliyevin “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq", fikri regionun gələcək taleyindən xəbər verir. Dar düşüncə sahibi olan düşmən ölkənin rəhbərliyi gec-tez bu dəhlizin açılmasına şahidlik edəcək”.