Siyasi diplomatiya Zəfərin məntiqi davamıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici dövlətlərə səfərlərini ictimaiyyət həmişə diqqətlə izləyib. Müxtəlif sahələr üzrə bağlanan müqavilələr hər iki dövlətin iqtisadi inkişafında da, dövlətçiliyin daha da möhkəmlənməsində də əhəmiyyətli olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Praqaya rəsmi səfəri də belə tarixləşdi.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq son illərdə daha da möhkəmlənib. Bu əməkdaşlığın başlıca istiqamətlərindən biri siyasi dialoqdur. Yeni saziş ətrafında danışıqlar aparılmaqdadır. Sazişin əksər maddələri razılaşdırılıb. Bu əməkdaşlıq indi yeni mərhələdədir.

Avropa üçün əksər məsələlərin həlli bilavasitə Azərbaycanla bağlıdır. Azərbaycanın coğrafiyası və nəqliyyat infrastrukturu Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyəti üçün olduqca əhəmiyyətlidir. Bu dəhlizlər qarşılıqlı maraq obyektləridir.

Son illərdə dünyada siyasi vəziyyət kəskinləşib. Bu kəskinləşmə geosiyasi vəziyyətə diqqəti yüksəldir. Geosiyasi vəziyyətə diqqətin yüksəlməsi Azərbaycanın resurslarına tələbatı kəskin artırıb. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz çox olub. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Bu artım böyük sərmayə tələb edir. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə Azərbaycan Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırır. İndi yeni qaz yataqları istismara qoşulur. Həm də mövcud qaz yataqlarının hasilatı da artırılacaqdır. Azərbaycanın həm qazı, həm nefti, həm də elektrik enerjisi Avropaya ixrac ediləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Praqaya rəsmi səfərində Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmiş dördtərəfli görüşdə bir sıra əhəmiyyətli məslələr müzkirə edilib.

Bu görüş də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına yönəldilmiş tədbirlərdəndir, İkinci Qarabağ müharibəsindən sonra sülh prosesinə başlama təşəbbüsüdür. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ilk görüş keçirilib. İşçi qrupu sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olacaq.

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib.

Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıyıb. Bu, məntiqi baxımdan “Qarabağ Azərbaycanın ərazisidir” deməkdir...

Azərbaycanın elan etdiyi beş prinsip qüvvədədir.

Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.

Praqa görüşlərində ölkəmizin milli maraqları təmin olundu. Bu görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin edildi, Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində alındı.

Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri quruculuq işləri ilə uğurla davam erdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi diplomatiyası sərkərdə kimi qazandığı Zəfərin məntiqi davamıdır...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı