Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış jurnalist, yazıçı-publisist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin “Sonuncu əmr” romanının ictimai müzakirəsini keçirdi.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin “Muzey” bölməsindəki Ulu Öndər Heydər Əliyevin büstünu ziyarət etdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Vətən uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını və qonaqları salamladı. Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ və Vətən müharibəsi haqqında sitatlarını söylədi. Asif Mərzilinin “Sonuncu əmr” romanını Vətən Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Orxan Əkbərova həsr etdiyini diqqətə çatdırdı. Bildirdi ki, Yasamal rayon MKS-nin bütün kitabxana filiallarında kitabın ictimai müzakirəsi keçirilmiş və Veb saytlarda, sosial şəbəkələrdə işıqlandırılmışdır. Daha sonra L.Məmmədova şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolu haqqında məlumat verdi. O qeyd etdi ki, yazıçı-publisist Asif Mərzillinin “Sonuncu əmr” romanı real faktlar əsasında yazılmışdır. Əsərdə “Qartal” ləqəbli kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik–leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edilir. Əsərdə Orxanın keçdiyi döyüş yolunu həyəcanla izləyir, qəhrəmanlığını və şücaətini görərək oxuduqca böyük qürur hissi keçiririk. 2 oktyabr 2020-ci ildə 50-yə yaxın kəşfiyyatçı döyüşçüsü ilə vuruşaraq mühasirəyə düşən O.Əkbərov ailəli döyüşçülərinə döyüş meydanını tərk etməyi əmr edir, özü isə altı döyüşçü ilə qalır. Onlar qəhrəmancasına döyüşərək Vətən uğrunda şəhid olur, amma 100-ə yaxın döyüşçünün mühasirədən çıxmasına və onlarla ermənilərin məhv edilməsinə səbəb olurlar.
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədov qeyd etdi ki, romanın ərsəyə gəlməsində müəllifin əməyi əvəzsizdir. A.Mərzili şəhidin həyat yolunu və döyüşlərdə iştirakını faktlarla işıqlandırıb. Şəhidin şücaətini, qəhrəmanlığını göstərən müəllif çox böyük iş görüb. Biz
Orxan Əkbərov kimi qəhrəmanlarla fəxr edirik. Onların ruhu qarşısında baş əyirik.
Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu çıxış edərək bildirdi ki, bu əsər bütövlükdə Qarabağ müharibəsinə həsr olunan əsərlərdəndir. Kitabı oxuyanda əsərdən maraqlı pyes, tamaşa hazırlamağıma qərar verdim. A.İdrisoğlu onu da qeyd etdi ki, tamaşanın premyerası şəhidin doğum gününə planlaşdırılır.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, tanınmış yazıçı, publisist Nüşabə Məmmədli Asif Mərzilinin gözəl qələm ustası olduğunu diqqətə çatdırdı. Və vurğuladı ki, şəhidlər mövzusunda qadın yazıçılar yazsa da, Asif Mərzili qəhrəman obrazı yaradıb. O, romana görə müəllifə minnətdarlığını bildirdi.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal oxucusu Sənubər Qurbanova çıxış edərək bildirdi ki, vətənpərvərlik hissinin aşılanmasında belə kitabların rolu böyükdür. Romandaki hadisələr insanı özünə çəkir. Xüsusilə də Xocalıda olan hadisələr, insanlara verilən işgəncələr... Gənclərdə vətənpərvərlik hissi oyadan belə əsərlər çox olmalıdır.
Ehtiyatda olan polkovnik Elbrus Rüstəmov çıxışında qeyd etdi ki, belə bir qəhrəman şəhidimiz haqqında kitabın yazılması təqdirəlayiqdir. Əsər layiqincə ictimaiyyətə təqdim edilməlidir.
Ehtiyatda olan mayor, batalyon komandirinin sabiq müavini Aidə Şirinova əlinə qələm alıb şəhidlər haqqında yazan hər kəsə minnətdarlığını bildirdi. Biz firavan yaşadığımıza görə şəhidlərimizə, qazilərimizə borcluyuq.
Ədliyyə Nazirliyinin Baş İdarəsinin sabiq rəisi Adil Minbaşı romanın dil, üslub baxımından gözəl yazıldığını söylədi. “Sonuncu əmr” romanı sənədli əsərdir. Şəhid qəhrəmanlarımız haqqında nə qədər yazılsa da, yenə də azdır.
“Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva belə bir kitabın ərsəyə gəlməsinə görə sevincinin həddi-hüdudu olmadığını vurğuladı. O, Yasamal rayon MKS-nin 4 kitabxana filialında romanın müzakirəsində iştirak etdiyini vurğuladı. Və romanın şəhidin həyat yoldaşının təşəbbüsü ilə yazıldığını bildirdi.
“Təzadlar” qəzetinin baş redaktorunun müavini Elçin Məmmədli qeyd etdi ki, özü Birinci Qarabağ müharibəsinin, oğlu isə İkinci Qarabağ müharibəsinin iştirakçıları olduğundan mövzu ona yaxındır. Şəhid Orxan Əkbərov haqqında ilk olaraq dostları, hərbiçi yoldaşlarının xatirələrininin dinlənildiyini, daha sonra həyat yoldaşından təşəbbüs gəldiyini söylədi. O, Asif Mərziliyə yaradıcılıq uğurları arzuladı.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair Qadir Hüseynov çıxışında bildirdi ki, belə bir romanı yazmaq çox çətindir, çünki hər bir anını ürək ağrısıyla yaşayırsan. O, yeni yazdığı “Mən şəhid bacısıyam” şeirini tədbir iştirakçıları üçün oxudu.
“İraq-Azərbaycan Məqədəniyyət Əlaqələri” İctimai Birliyinin sədri Tahirə Məmmədova şəhidlərimizi yaşadan belə əsərlərin çox olmasını arzuladı.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Ekspertlər şurasının sədri, yazıçı, publisist Nəzakət Əhmədova qeyd etdi ki, “Sonuncu əmr” romanı yüksək vətənpərvərlik ruhunda yazılan əsərdir. O, müəllifə müvəffəqiyyətlər arzuladı.
Kitabın korrektoru Yasəmən Məmmədli romanı unikal hesab etdiyini bildirdi və qeyd etdi ki, müəllif işğaldan Zəfərə qədər olan yolumuzu təsvir edib. A.Mərzili əsərin qəhrəmanının döyüş yolunun xronologiyasını gözəl bildiyinə görə, cəbhə bölgəsindəki hadisələri mükəmməl şəkildə oxucuya çatdırmağa çalışıb.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birinci vitse prezidenti Ruhiyyə Poladova müəllifə, tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
AMEA-nın Tarix İnstitutunun əməkdaşı Günel Aslanlı romandan təsirləndiyini və A.Mərzilinin həm də bir qarabağlı kimi bu hadisələri qələmə aldığını qeyd etdi. O qeyd etdi ki, bu mövzuda əsərlərin yazılması zəruridir.
Şəhid polkovnik-leytenantın həyat yoldaşı Nuranə Əkbərova kitabın müəllifinə, tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
“Sonuncu əmr” romanının müəllifi jurnalist, yazıçı-publisist Asif Mərzili çıxışında bildirdi ki, roman 100 əsər arasından üçlüyə düşmüş və Nazirlər Kabineti tərəfindən yaradılmış mükafatlandırma komissiyasına təqdim edilmişdir. Roman şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolu haqqındadır, real hadisələr və faktlar əsəsında qələmə alınıb.
A.Mərzili kitabın müzakirəsini təşkil edən Yasamal rayon MKS-nin bütün kitabxanalarına öz təşəkkürünü bildirdi.
Tədbirin bədii hissəsində Respublika və Beynəlxalq müsabiqələr laureatı, Ağdam rayon Xan Şuşinski adına Muğam Musiqi Məktəbinin şagirdləri Mətin Cəfərov “Qarabağ” mahnısını, Nihad Kərimli “Xudayar təsnifi”ni, Tunar Cəfərov “Vətən gözəldir” mahnısını, Baxşəli Rəhimov “Segah” təsnifini ifa etdilər. Muğam ifaçılarını sözügedən məktəbin müəllimləri Xətayə Cəfərova (kamança), Fərhad Məmmədov (tar), Sabir Həsənov (nağara) müşayiət etdilər. Muğam ifaçıları Ağdam rayon Xan Şuşinski adına Muğam Musiqi Məktəbinin şagirdləri Tunar Əzizov, Baxşəli Rəhimov və Nihad Kərimov
Azərbaycan muğamını peşəkar səviyyədə ifa etdiklərinə görə Yasamal rayon MKS-nin Fəxri fərmanı ilə təltif olundular.
Müəllif A.Mərzili “Sonuncu əmr” kitabını Yasamal rayon MKS-nin kitabxanalarına hədiyyə etdi.
Şəhid polkovnik-leytenant Orxan Əkbərovun həyatı və döyüş yoluna həsr olunan videoçarx maraqla izlənildi.
Tədbirdə ziyalılar, geniş ictimaiyyət nümayəndələri iştirak etdilər.