Strateji tərəfdaşlıq və milli maraqlara əsaslanan siyasət

Məşhur Məmmədov
Milli Məclisin deputatı


Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlər qarşılıqlı hörmətə, dostluğa və strateji əməkdaşlığa əsaslanır. İki ölkə bir çox sahələrdə – siyasi, iqtisadi, enerji, mədəni və humanitar istiqamətlərdə səmərəli əməkdaşlıq edir. Xüsusilə son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı verdiyi bəyanatlar ölkəmizin milli maraqlara söykənən və strateji baxışla həyata keçirilən xarici siyasət kursunun növbəti bariz nümunəsidir. Bu səfər yalnız ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın Avropada artan nüfuzunun göstəricisi kimi diqqət çəkir.

Azərbaycan-Macarıstan münasibətlərində ortaq tarixi kodlar və geosiyasi paralellər xüsusi diqqət kəsb etdi.

Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında tarixi və mədəni yaxınlıqla yanaşı, geosiyasi oxşarlıqları da vurğuladı. Hər iki ölkə açıq dənizlərə çıxışı olmayan, ərazi və əhali baxımından bir-birinə yaxın olan dövlətlərdir. Eyni zamanda, həm Azərbaycan, həm də Macarıstan müharibə vəziyyətində olan və ya müharibə aparan ölkələrlə sərhəddə yerləşir. Bu oxşarlıqlar ortaq çağırışlara qarşı birgə mövqe formalaşdırmağa əlverişli zəmin yaradır.

Bu praqmatik yanaşma, Azərbaycan xarici siyasətinin əsas prinsiplərindən biri olan qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq modelinin nümunəsidir. Azərbaycan heç bir ölkəyə təzyiq etmədən, siyasi və iqtisadi əməkdaşlıqda qarşılıqlı maraqlar əsasında uzunmüddətli tərəfdaşlıqlar qurur.

Prezident İlham Əliyev çıxışı zamanı 44 günlük Vətən müharibəsinin mahiyyətini və hüquqi əsaslarını xüsusi qeyd etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirilib. Bu, bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüququn aliliyinə hörmətlə yanaşır və haqqını qanuni yolla təmin edir.

Əldə edilən tarixi zəfər Azərbaycanın yalnız hərbi sahədə deyil, siyasi və diplomatik cəbhədə də güclü mövqeyə sahib olduğunu təsdiqlədi. Müharibədən sonra sülh təşəbbüslərinin məhz Azərbaycan tərəfindən irəli sürülməsi, sülh müqaviləsinin ilkin layihəsinin Azərbaycan tərəfindən hazırlanması və bu sənədin Ermənistan tərəfindən qəbul edilməsi də dövlətimizin regionda sabitlik və tərəqqi naminə çalışdığının göstəricisidir.

Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət Avropa üçün strateji əhəmiyyət daşıyır. Prezidentin bəyanatında qeyd olunduğu kimi, artıq Macarıstan Azərbaycanın təbii qaz idxal etdiyi Avropa ölkələrindən biridir. Bu ölkə eyni zamanda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi nəhəng enerji layihələrində pay sahibidir.

Azərbaycan həm ənənəvi enerji resurslarının ixracında, həm də bərpa olunan enerji sahəsində böyük potensiala malikdir. Növbəti beş ildə ölkəmizdə 6 min meqavatlıq yaşıl enerji istehsalı planlaşdırılır. Bu isə, təbii qazın ixracını artırmaqla yanaşı, enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu daha da gücləndirəcək.

Ölkə rəhbərinin Macarıstanın Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etməsini yüksək qiymətləndirməsi, Azərbaycan-Türk dünyası əlaqələrinin əsasını təşkil edən dəyərlərə sadiqliyini əks etdirir. Macarıstanın bu proseslərdə fəal iştirak etməsi türk kimliyinə və ortaq tarixə verdiyi önəmin göstəricisidir. Azərbaycan isə bu birliyin təşəbbüskar və aparıcı gücüdür.

Prezident İlham Əliyev Macarıstanın Avropa İttifaqı daxilində müstəqil və milli maraqlara əsaslanan siyasət yürütməsini alqışlayaraq, bu istiqamətdə Azərbaycanla oxşar yanaşmaları vurğuladı. Azərbaycanın da xarici siyasət kursu dövlət maraqlarının müdafiəsinə, beynəlxalq aləmdə müstəqil mövqe sərgiləməyə əsaslanır.

Bu yanaşma Azərbaycanı regionun və Avropanın etibarlı tərəfdaşına çevirib. Ölkəmiz qlobal geosiyasi oyunlarda alətə çevrilmir, əksinə, öz milli maraqlarını və beynəlxalq hüququ əsas götürən balanslaşdırılmış siyasəti ilə hörmət qazanır.

Prezident İlham Əliyevin Macarıstana səfəri və səfər çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində ardıcıl, uzaqgörən və milli maraqlara söykənən xəttin davam etdiyini təsdiqlədi. Bu səfər, eyni zamanda, Azərbaycanın Avropada artan nüfuzunun, enerji və təhlükəsizlik sahəsində güclənən rolunun, eləcə də Türk dünyası ilə əlaqələrdəki təşəbbüskar mövqeyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin qətiyyətli və ağıllı diplomatiyası Azərbaycanın qlobal miqyasda strateji aktora çevrilməsində həlledici rol oynayır.

Prezident İlham Əliyevin Macarıstana səfəri bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti qlobal proseslər fonunda praqmatik, milli maraqlara əsaslanan və strateji tərəfdaşlıq əlaqələrini gücləndirməyə yönəlmişdir. İkitərəfli münasibətlərdə qarşılıqlı hörmət, dostluq və ortaq dəyərlərə əsaslanan bu xətt regional sabitlik və beynəlxalq əməkdaşlığa töhfə verir.

Cənab Prezidentin səsləndirdiyi fikirlər yalnız Azərbaycan üçün deyil, eyni zamanda müstəqil siyasət yürütmək istəyən dövlətlər üçün də ciddi mesajlar ehtiva edir. Enerji təhlükəsizliyi, sülh təşəbbüsləri və ortaq dəyərlərə əsaslanan diplomatiya bugünkü geosiyasi reallıqlar fonunda daha da önəm qazanır. Xüsusilə Avropa İttifaqı məkanında Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyən Macarıstan kimi ölkələrlə münasibətlərimizin inkişafı, milli maraqlarımıza uyğun olaraq, davam etdirilməlidir.