Strateji tərəfdaşlıqdan regional sülhə uzanan diplomatik xətt

Məşhur Məmmədov,
Milli Məclisin deputatı



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirdiyi işgüzar səfər ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin və sülhpərvər mövqeyinin növbəti təsdiqidir. Bu səfər çərçivəsində aparılan yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycanın regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Əbu-Dabidə Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə Azərbaycan-BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi bir daha vurğulandı. Siyasi, iqtisadi, enerji, bərpaolunan enerji, hərbi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın bariz nümunəsidir.

Xüsusilə “Cənub Qaz Dəhlizi” QSC-də pay satışına dair imzalanan sənəd Azərbaycanın enerji təhlükəsizliyində mühüm rolunu daha da gücləndirir. Bu addım ölkəmizin Avropanın və regionun enerji təminatında aparıcı mövqeyini möhkəmləndirməklə yanaşı, xarici investisiyalar üçün əlverişli mühitin göstəricisidir.

Səfər çərçivəsində keçirilən “Sülh Qalxanı – 2026” birgə hərbi təlimləri də xüsusi əhəmiyyət daşıyır. Bu təlimlər Azərbaycan Ordusunun beynəlxalq standartlara uyğun inkişaf etdiyini, regional təhlükəsizliyin təminində fəal rol oynadığını nümayiş etdirir. Antiterror əməliyyatları üzrə peşəkarlığın artırılması sülhün və sabitliyin qorunmasına xidmət edən mühüm amildir.

Prezident İlham Əliyevin Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü və “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə dövlət başçımızın dünyada sülhə, tolerantlığa və humanitar dəyərlərə verdiyi töhfələrin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu mükafat Azərbaycanın multikulturalizm və sivilizasiyalararası dialoq sahəsində apardığı siyasətin uğurlu nəticəsidir.

Səfərin ən mühüm məqamlarından biri isə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla Əbu-Dabidə keçirdiyi görüş oldu. Bu görüş regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüş zamanı Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişlər yüksək qiymətləndirildi. Tərəflər normallaşma prosesinin ikitərəfli əsasda davam etdirilməsinin vacibliyini vurğuladılar. Bu, Azərbaycanın sülhə sadiq, konstruktiv və məsuliyyətli mövqeyinin növbəti sübutudur.

Xüsusilə iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin bərpası, tranzit imkanlarının genişləndirilməsi və humanitar təmasların artırılması regionda etimad mühitinin formalaşmasına mühüm töhfə verir. Azərbaycanın Ermənistana neft məhsulları ixracı və tranzit imkanlarının açılması real sülhün artıq praktik mərhələyə keçdiyini göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız hərbi və siyasi qələbə əldə etməklə kifayətlənməmiş, həm də postmünaqişə dövründə barış, əməkdaşlıq və birgə inkişaf modelini irəli sürmüşdür. Bu model qarşıdurma deyil, dialoq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.

Paşinyanla keçirilən görüş bir daha sübut etdi ki, Azərbaycan regionda revanşizmə deyil, dayanıqlı sülhə üstünlük verir. Dövlətimizin başçısı sülhü yalnız sənədlərdə deyil, real həyatda təmin etməyə yönəlmiş siyasət həyata keçirir. Bu siyasət gələcək nəsillərin təhlükəsiz və sabit mühitdə yaşamasına xidmət edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri Azərbaycanın çoxşaxəli xarici siyasətinin, güclü diplomatiyasının və sülh strategiyasının uğurlu təzahürüdür. Bu səfər həm strateji tərəfdaşlıqların möhkəmləndirilməsi, həm də Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Azərbaycan bu gün regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın əsas təminatçısı kimi çıxış edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz sülhün, inkişafın və tərəqqinin əsas mərkəzlərindən birinə çevrilməkdədir.