Sumqayıtda təşviqat kampaniyası uğurla davam edir

Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanavrın 22-də Sumqayıt şəhər Olimpiya İdman Kompleksində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, şəhid atası Sovet Şükürov, təşviqat qrupunun üzvləri Ramiz İsmayılov, Eldar İsmayılov, Zeynəb Məmmədyarova çıxış ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub.

Bildirilib ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir: “Bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Xalqımız bu seçkilərdə də Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək, qalib Azərbaycanın bundan sonra da möhtəşəm uğurlarının davamına səs verəcək”.  

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.