Suqovuşanda avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı...

Dövlətçilik tariximizə qalib xalq adını yaza bildiyimiz üçün xoşbəxtik. 44 günlük Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu, Azərbaycan bütövləşdi. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübut etdik. İşğaldan azad olunan ilk inzibati ərazimiz Suqovuşan oldu.

Dövlətimizin başçısı tərəfindən Madagizə öz tarixi adının qaytarılaraq Suqovuşan adlandırması işğaldan azad edilmiş ərazilərin toponimlərinin də Azərbaycan mənşəli olmasının sübutudur. Suqovuşanda Novruz bayramı qeyd edildi. Bir il əvvəl isə Novruz bayramı tonqalı Şuşada yandırılmışdı. Növbəti illərdə isə digər rayonlarımızda da tonqallar yandırılacaq. Bu, o deməkdir ki, biz qayıtmışıq və öz torpaqlarımızda milli-tarixi bayramlarımızı qeyd edirik. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan dövləti var. Bugünkü Azərbaycan düşmənin hər bir təxribatına cavab vermək iqtidarındadır. Azərbaycan heç kimin köməyi olmadan ermənilərin 30 ildə viran qoyduğu əraziləri yenidən dirçəltmək və qaçqınlarını öz doğma yurdlarına qaytarmaq gücündə olduğunu göstərir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza etdiyi hər bir səfəri bu ərazilərə yeni ruh, dirçəliş gətirir. O cümlədən dövlətimizin başçısının Suqovuşana səfəri çərçivəsində 35 kilovoltluq yüksək gərginlikli müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatı oldu. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə qurulan elektrik şəbəkəsi ən müasir texnologiyalara əsaslanır. Suqovuşanda öz yurdlarına qayıdacaq vətəndaşlarımız üçün ən müasir evlər tikilir. Yeni qurulan yaşayış məhəlləsindəki ilk ev də onu deməyimizə imkan verir ki, bu ərazilərdə yaradılacaq şərait və infrastruktur qayıdacaq insanların yaşayışını ən yüksək səviyyədə təmin edəcək. İşğal olunmuş ərazilərimizdən qaçqın düşərək 30 il ərazində əziyyət çəkən vətəndaşlarımız ən müasir yerlərdə yaşamaq imkanını əldə edəcəklər. Bu ərazilərdə təhsil infrastrukturunun formalaşdırılması dövlətin qarşısında duran prioritetlərdəndir. Ona görə də Suqovuşana insanlar qayıtmamış qəsəbədəki ikimərtəbəli orta məktəbin binasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki 67 məsciddən 63-ü ermənilər tərəfindən tamamilə dağıdılıb. Bu məscidlərin yenidənqurma və bərpa işlərində Heydər Əliyev Fondu yaxından iştirak edir. Məscidlərimizin və tarixi abidələrimizin bərpasında Heydər Əliyev Fondunun iştirak etməsi Fondun prezidenti Mehriban Əliyevanın xalqımızın milli-mənəvi dəyərlərinə yüksək səviyyədə bağlılığın göstəricisidir.

“İşğaldan azad olunmuş ərazilərimizin müdafiə qabiliyyətinin artırılması üçün yeni hərbi hissələri yaradılır. Bir müddət əvvəl Prezident İlham Əliyev Hadrutda Komando Briqadasının açılışını edib. İndi isə Suqovuşanda “N” saylı hərbi hissənin açılışı oldu. Yeni tikilən hərbi hissələrdə əsgər və zabitlərimizin yüksək səviyyədə xidmətinin təşkili üçün hər bir şərait yaradılır. Ordu quruculuğunun gücləndirilməsi gələcəkdə davam etdiriləcək. Ordumuzun arsenalına ən müasir silahlar qəbul olunur. Bu, o deməkdir ki, Azərbaycan Ordusunun gücü 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyimizdən daha da çox artıb. Bu məsələ ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi baxımından çox vacibdir və Ali Baş Komandanımızın daim diqqət mərkəzindədir”, - deyə A.Badamov bildirib.

O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizdə böyük turizm potensialı mövcuddur. Bu potensialdan səmərəli şəkildə istifadə olunması ölkəmizin iqtisadi gücünü artırır. Ona görə də Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu ərazilərdə turizm marşrutların müəyyən olunması və infrastrukturun formalaşdırılması istiqamətində tapşırıqlar verilib. Dövlətimizin başçısı Suqovuşan qəsəbəsinə səfəri çərçivəsində bu ərazilərdə idmanın inkişafı ilə bağlı tapşırıqlar verdi. Sevindirici haldır ki, Suqovuşanda avarçəkmə üzrə təlim-məşq toplantısının rəsmi açılışı bu ərazilərin idman potensialının dirçəldilməsi istiqamətində atılan ilk addımlarımızdandır.

Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən yenidənqurma və bərpa işləri kompleks şəkildə plana uyğun həyata keçirilir. İcra olunan layihələrin əhatə dairəsinin geniş olması və sürətlə aparılması bu ərazilərə tezliklə qayıdışımızın olacağından xəbər verir. Bəli, Azərbaycanın uzaqgörən dövlət başçısının şəxsən nəzarəti və tapşırıqları ilə bu ərazilər tezliklə ən müasir şəkildə yenidən qurularaq istifadəyə veriləcək. Bütün bu işləri xalq-iqtidar birliyi, milli həmrəyliyini möhkəmləndirən Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olacağıq və bütün dünyaya müasir şəkildə yenidən qurulmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını təqdim etməklə Azərbaycanın gücünü və bu torpaqların azərbaycanlılara məxsus olduğunu bir daha göstərəcəyik. Çünki torpaq öz sahibində olanda çiçəklənir.