Tarixi köklərə, möhkəm təmələ əsaslanan Bəyannamə

2021-ci il iyunun 15-da Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respubli­kası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması böyük Qara­bağ zəfərindən sonra böyük bir regiona sülh, sa­bitlik və inkişaf vəd edən strategiya olaraq həyata vəsiqə qazanmışdır. Şuşa Bəyannaməsinin tarixi Qars müqaviləsinə əsaslanması və məhz Azərbaycanın Milli Qurtuluş Günündə imzalanma­sı dövlətçilik tariximizə əzəmət verən iki mühüm tarixi öz şərəf səltənətinə qovuşdurmuşdur. Bu bəyannamə tarixi köklərə, möhkəm təmələ əsaslanan Türkiyə–Azərbaycan birliyinin sarsılmaz olduğunu bir daha göstərdi.

Müstəqilliyin ilk illərindən etibarən qardaş ölkə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti ardıcıl açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün bir mesaj idi, yəni, “Ermənistana havadarlıq etməyin, haqq-ədalətin tərəfində olun” anlamını ifadə edirdi.

Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində dövlətlərimizin başçılarının şəxsi dostluq əlaqələrinin və qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti var. Dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud dostluq və qardaşlıq münasibətləri ikitərəfli əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfəsini verir.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, siyasi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər, idman sahələrində imkan və potensiallarının birləşdirilməsi, dərinləşdirilməsi xüsusi yer tutur.

Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də xüsusi diqqət çəkir. Başqa sözlə, sənəddə ordumuzun yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi mühüm önəm daşıyır. İki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur.

Tarixi sənəddə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, Azərbaycan ilə Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.

Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin iki qardaş ölkənin müttəfiqlik əlaqələrinə müsbət təsirini yüksək dəyərləndirərək, bildirib: “Bu, tarixi bir sənəddir. Əslində, Türkiyə – Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik”.

Türkiyə və Azərbaycan birgə səylərlə bölgənin gələcək inkişafını, təhlükəsizliyini təmin edir, qardaş xalqların rahat həyatını gerçəkləşdirir. Ümumiyyətlə, iki dövlət arasında mövcud əməkdaşlığın çoxşaxəliliyi dünya miqyasında belə müttəfiqik, qardaşıq əlaqələrinin bənzəri olmadığını deməyə əsas verir.

Könül Həsənova
ADPU filologiya fakültəsinin dekan müavini,


Müasir Azərbaycan dili kafedrasının doktorantı