Şuşada maydan bəri 31 şəxsə məxsus insan meyiti qalıqları aşkarlanıb - Hərbi Prokurorluq

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 480-dən artıq şəxsə məxsus insan meyiti qalıqları aşkar edilib və onların Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə eyniləşdirilməsi məqsədilə 300-ə yaxın məhkəmə-tibbi ekspertizası keçirilib.

Sabahinfo.az bildirir ki, bunu Trend-ən Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

"Hazırda keçmiş Şuşa həbsxanasının ərazisindəyik və burada may ayından bəri aparılan axtarış işləri nəticəsində ən azı 31 şəxsə məxsus insan meyiti qalıqları aşkar edilib.

Bu meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülərək, burada saxlanılan insanlara məxsus olması ehtimal edilir. Həmin azərbaycanlılar qəddarcasına qətlə yerilib və həbsxananın ərazisində basdırılıblar. Hazırda digər ərazilərdə də kütləvi məzarlıqların aşkar edilməsi prosesi davam edir", - deyə o qeyd edib.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

Xatırladaq ki, bundan əvvəl iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.

İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.