"Taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var" - Razi Nurullayev

"YAŞAT Fonduna müraciət çoxdur və artıq kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Səbəb Fondda vəsaitlərin çox az olmasıdır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat təklif edib ki, Neft Fondundan hər il birdəfəlik vəsait YAŞAT Fonduna köçürülsün:

"Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür. İmkanlı şəxslərə də müraciət edirəm ki, YAŞAT Fonduna vəsait köçürməkdə davam etsinlər. Bununla bərabər, yüzlərlə müharibə iştirakçısı müalicəsinin davam etdirmək və əlillik almaq üçün çalışır. Onlar nə tam sağlamdır, nə də əllillik təyinatı üçün tam xəstədir. Belə olan halda, bizlər, dövlət qurumları da çətin suallarla üz-üzə qalırıq, müharibə iştirakçısı da qapıları döyməkdə və sosial şəbəkələrdə görünməkdə davam edir. Qınamaq da olmur. Onların iş yerləri ilə təminatında çox ciddi problemlər mövcuddur. Onda sual olunur ki, onlar necə dolansın və dərmanlarını hansı vəsaitlə alsın? Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara üç il müddətinə 600-800 manat arası vəsait ödənilsin. Doğurdan da taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var. Onun üçün də həm biz, həm də aidiyyatı dövlət qurumu bu məsələni gözardına almasın. Təklif edirəm ki, bu məsələ ilə bağlı bir dinləmə keçirək. Vallah, onlara yazıqdır. Mən şəxsən daha o şəxslərin telefonuna da cavab verə bilmirəm".