Tarixi Qələbənin miqyası göründüyündən və düşündüyümüzdən çox-çox böyükdür

Son iki əsrlik tariximiz sübut edir ki, bu onilliklər ərzində erməni toplumunun xisləti zərrə qədər dəyişməyib. Əksinə, “dənizdən-dənizə” xülyası, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları, Türk dünyasına nifrət və düşmənçilik Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. “Erməni toplumu” ifadəsini işlətməyim də təsadüfi deyil. Çünki bu gəlmələr çar Rusiyası tərəfindən tarixi Azərbaycan torpaqlarına məqsədli şəkildə yerləşdiriliblər və zaman ötdükcə ermənilərin əyalət-quberniya statusu kənardan idarə olunan dövlət atributları ilə əvəzlənib. Son iki yüz ilin təhlili onu da deməyə əsas verir ki, dövran dəyişsə də, çar Rusiyasını Sovet imperiyası əvəzləsə də, hətta Sovet İttifaqının süqutundan sonra da Ermənistana kənardan hamilik edənlərin ünvanı dəyişməyib. Yeganə fərq ondadır ki, Ermənistan bir zamanlar yalnız Rusiyanın forpostu idisə, indi kiminsə nəzərində “sevimli bacı”, bir başqasının gözündə isə guya “əzabkeş millət”dir. Ermənilərə himayədarlıq edənlərin heç eyninə də deyil ki, keçmişi tarixi saxtakarlığa və faktların təhrifinə söykənən Ermənistan özü haqda uydurduğu mifləri leqallaşdırmaq və hər zaman istifadəyə yararlı olduğunu sahiblərinə sübut etmək üçün Qafqaza yalnız bölücülük və düşmənçilik gətirib. Ötən iki əsrdə erməni toplumu fərqli havadarlarının bir-biri ilə ziddiyyət təşkil edən istəklərinə o dərəcədə ram olub ki, hətta tanınmış rus tədqiqatçılarının və görkəmli simaların qələmə aldıqları real faktlar belə, hamilərinin erməni sevgisinə təsir edə bilməyib. Hələ 1904-cü ildə rus tədqiqatçısı V.Veliçko belə yazırdı: “Ermənilər yerli əhalini sıxıb “suyunu içirlər”. Bununla kifayətlənməyərək, onlar yerli müsəlman əhalinin reputasiyasına elə səviyyədə zərbə vurmaq siyasətini yürüdürlər ki, gələcəkdə onları qovub torpaqlarını ələ keçirsinlər”. Böyük gürcü mütəfəkkiri və yazıçısı İ.Çavçavadze isə Rusiya imperatoruna ünvanladığı məktubunda bu cümlələri qeyd etmişdi: “Zati-aliləri, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşdırılmasına icazə verməyin. Onlar elə bir qəbilədən çıxıblar ki, bir neçə on il orada yaşadıqdan sonra bütün dünyaya hay-küy salacaqlar ki, bu ərazilər onların atalarının, ulu babalarının torpaqlarıdır”...

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib ki, ona görə də cəmiyyətimizi uzun illər düşündürən haqlı suallardan biri də ondan ibarət olub ki, kiçik bir erməni toplumunun bu dərəcədə azğınlaşa və qonşularına qarşı ərazi iddiasına cəsarət edə bilməsinin arxasında hansı sirr, hansı qüvvələr dayanır? Amma bu sualı verərkən atalar misallarımızdan birindəki hikmətə diqqət yetirməmişik. Atalarımız deyərdi ki, “arxalı köpək qurd basar”. Halbuki, bu hikməti unutmamalıydıq, indi də, gələcəkdə də unutmamalıyıq, çünki nə Ermənistan, nə də ona himayədarlıq edənlər təhlükəli vərdişlərindən və məkrli planlarından əl çəkmirlər...

Bəlkə də gənc nəslimizdə bir çoxları söyləyəcəyim tarixi faktların arxasında dayanan insan faciəsinin miqyasından sonadək məlumatlı deyil. Çünki azərbaycanlılara qarşı ermənilərin tarix boyunca törətdikləri vəhşiliyə, 1905-1907-ci və 1918-1920-ci illərdə yüz minlərlə soydaşımızı xüsusi qəddarlıqla qətlə yetirmələrinə, 1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə 250 min azərbaycanlını Ermənistandakı dədə-baba torpaqlarımızdan deportasiya etmələrinə baxmayaraq, bizlər yeni gələn nəsillərə erməniyə qarşı nifrət hissini aşılamamışıq . Çünki güzəşt və mərhəmət azərbaycanlının, türkün qanındadır. Mərhəmət güclü və ədaləti uca tutan xalqlara, cəmiyyətlərə, insanlara xas olan keyfiyyətdir, unutqanlıq isə əsla. Tarixi torpaqlarımızda ermənilərin soydaşlarımıza qarşı törətdikləri soyqırımı hadisələrinə ilk dəfə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Prezident Fərmanı ilə verildi və 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan olundu.

İyirmi doqquz il əvvəl Xocalıda 613 nəfər mülki əhalinin, o cümlədən 106 qadının, 63 uşağın, 70 ahıl azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi də ermənilərin məhz türklərə olan nifrətindən qaynaqlanırdı. Dünya dövlətlərindən 13-ü Xocalı soyqırımını rəsmən tanısa da, vaxtilə Minsk qrupuna həmsədrlik edənlərdən heç biri Xocalı soyqırımını hələ də tanımayıb. Uydurma miflər əsasında “erməni soyqırımı”nı rəsmən tanıyan böyük güclər Xocalıya gəldikdə susdular, ədaləti tanımaqda gecikməklə Ermənistanın işğalçılıq siyasətinə, onun daha da azğınlaşmasına və yeni hərbi-siyasi təxribatlara həvəslənməsinə bilərəkdən və ya bilməyərəkdən imkan vermiş oldular. Ermənistan görəndə ki, ATƏT sənədlərinə və BMT qətnamələrinə 28 il ərzində göstərdiyi hörmətsizliyə həmin güclər göz yumur, şübhəsiz, bundan şirniklənib daha çox azğınlaşmalı idi...

BMT Təhlükəsizlik Şurasının üzvlərindən üçü 28 il ərzində Minsk qrupuna həmsədrlik etdi və münaqişəni dinc, danışıqlar yolu ilə həll etmək öhdəliyini üzərinə götürdü. Lakin işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsindən ədalətsiz şəkildə o qədər istifadə etdilər ki, cəmiyyətimizin bu vasitəçilik institutuna bəslədiyi inam sonda tamamən qırıldı. Xalqımız haqlı olaraq hələ də inanmır ki, üç böyük dövlət kiçik bir Ermənistanı ram edə və onu beynəlxalq hüquqa , tarixi ədalətə hörmət göstərməyə məcbur edə bilmədi, qarşısında aciz qaldı. Şübhəsiz ki, bu, inandırıcı deyil. Necə inandırıcı ola bilər ki, gələcək seçkilərdə Fransa prezidentliyinə namizədlərdən biri Məhəmməd adının uşaqlara verilməsinin yasaqlanmasını təklif edir. Söhbət prezidentliyə namizəddən getsə də, hər bir halda, bu təklif siyasi iddiasına müəyyən ictimai dəstəyi olan şəxs tərəfindən irəli sürülür. Nə qədər acı olsa da, türkofobiya və islamofobiya meyilləri səngimir, sivil dünyanın qəbul etdiyi bəşəri dəyərlərə bəslənilən ictimai inama zərbə vurmaqda davam edir...

Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında son 30 ildə üzləşdiyimiz haqsızlığın və ayrı-seçkiliyin səbəblərini açıq şəkildə göstərmişdi: “Bütün təzyiqlərə, bütün cəhdlərə, -ondan sonra da cəhdlər olmuşdu,- baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim... Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər. Onu sonra anladım”.

Şübhəsiz ki, dövlətimizin başçısı ona məlum olan daha böyük və daha acı həqiqətlərin yalnız məğzini, həm də mümkün hesab etdiyi həddə cəmiyyətimizə çatdırdı. Təəssüf ki, ayrı-seçkilik və çoxüzlü standartlar siyasəti böyük güclər tərəfindən hələ də davam etdirilir. Rusiya sülhməramlı öhdəliyini üzərinə götürdüyü halda, Ermənistanı regionumuzdakı müttəfiqi adlandırır və ordusunu silahlandıracağını bəyan edir, cənub qonşumuzun ərazisindən gələn avtomobillərin yük qaiməsində, gömrük-keçid sənədində “Stepanakert, Ermənistan” yazılır. ABŞ-ın Ermənistandakı səfiri separatçı rejimin status məsələsini gündəmə gətirir, Fransa rəsmiləri isə Laçın dəhlizi vasitəsilə Xankəndinə səfər edirlər. Amma onlardan heç biri Ermənistanın Qarabağda törətdiyi müharibə cinayətlərini dilə gətirmir. Kəlbəcərdəki Alban kilsəsinə erməni kilsəsi adını qoymağa çalışanların heç yadına da düşmür ki, Ermənistan işğal dövründə Qarabağda 60-dan çox məscidimizi dağıdıb və onları təhqir edib, məzarlarımızı sökərək göreşənliklə məşğul olub, yaşayış məskənlərimizi yerlə-yeksan edib. Bu illər ərzində ermənilər tərəfindən Qarabağda və Şərqi Zəngəzurda Azərbaycana məxsus olan 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətli memarlıq və arxeoloji irsimiz qəsdən məhv edilib. Bu cür vandallığın üstündən sükutla keçənlər erməni terrorçu-diversant dəstəsinin üzvlərini utanmadan hərbi əsir adlandırır və onlara azadlıq istəyirlər. Amma müharibə bitdikdən sonra 150-dən çox mülki azərbaycanlının və hərbçimizin minaya düşərək həyatını, sağlamlığını itirməsini sanki görmürlər. Hətta Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün peşə borcunu yerinə yetirərkən mina partlayışında şəhid olmuş azərbaycanlı jurnalistlərin qırılan taleyi də biganəliklə qarşılanır. Bütün bu faciələrin səbəbkarı olan Ermənistana yenə də deyilmir ki, minaladığı ərazilərin xəritəsini Azərbaycana təhvil versin və bunu alver predmetinə çevirməsin. Son seçkilərdə Ermənistanın siyasi səhnəsində revanşist qüvvələr həm də ona görə yer ala bildilər ki, şəhər və kəndlərimizin ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmasına, 100-ə qədər mülki şəxsin həyatını itirməsinə həmin dairələr adekvat səviyyədə etiraz etmədilər, cinayətkarı dayandırıb onu açıq şəkildə qınamadılar. Halbuki, Ermənistanın törətdiyi bütün bu əməllər insanlıq əleyhinə yönələn müharibə cinayətləridir.

Son 30 ildə olduğu kimi, indinin özündə də bəziləri ya açıq, ya da gizlin şəkildə sərsəm erməni xülyasına xidmət edir, Minsk qrupunun statusla bağlı gündəliyini diriltməyə çalışır. Unutmamalıyıq ki, elə bu qüvvələr müharibənin ən qızğın vaxtında BMT-də ölkəmizə qarşı qətnamənin qəbul olunması üçün fəallıq edir, təşəbbüs göstərirdilər. Azərbaycan hakimiyyətinin Qoşulmama Hərəkatına üzv olan dövlətlərlə qurduğu etibarlı siyasi əlaqələri sayəsində o təşəbbüs uğursuzluğa düçar oldu. Qardaş və dost ölkələrin indiyədək görünməmiş siyasi-mənəvi dəstəyinin arxasında Azərbaycan iqtidarının illərin sınağından keçən etibarlı müttəfiq və tərəfdaş reputasiyası dayanır. Qələbəyə köklənən ordu quruculuğu da xaotik bir proses deyildi. Ordumuzu Zəfər Gününə çatdırmaq, onu ən müasir silahlarla təchiz etmək və yüksək səviyyəli hərbi təlimlərə cəlb etmək üçün ölkəmizin iqtisadi müstəqilliyi və iqtisadi dayanıqlığı təmin olunmalı idi. Böyük təzyiqlərə və ciddi maneələrə baxmayaraq, 27 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan XX əsrin ən böyük neft kontraktı, ilk növbədə, bu məqsədə xidmət edirdi. Ulu Öndərin əsasını qoyduğu iqtisadi inkişaf və ordu quruculuğu strategiyası son 18 ildə Prezident İlham Əliyev tərəfindən elə bir səviyyəyə çatdırıldı ki, bu gün Azərbaycan əsgər və zabitinin peşəkarlığına, döyüş ruhuna çoxları həsəd aparır. Nə qədər ki, Ermənistan və ona himayədarlıq edənlər sərsəm xülyalardan əl çəkməyiblər, nə qədər ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən ərazi bütövlüyünü tanımayıb və əsassız iddialarından əl çəkməyib, nə qədər ki, 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməyib, o vaxtadək ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi prosesi davam etdiriləcək. Prezidentimizin Silahlı Qüvvələrə ayrılan büdcə xərclərinin daha da artırılması ilə bağlı prinsipial mövqeyi məhz bu məqsədə xidmət göstərir.

Son 30 ildə üzləşdiyimiz haqsızlıqları nəzərə alaraq bilməliyik ki, 44 günlük Vətən müharibəsində Azərbaycan yalnız Ermənistan üzərində deyil, həm də ona hərbi-siyasi dəstək verən güclərin cəhdləri üzərində qələbə çalıb. Tarixi Zəfərimizlə onları da məyus etmişik. Şuşa və onun ardınca imzalanan Bakı Bəyannamələri Ermənistana hamilik edənləri hələ də rahat buraxmır, bundan sonra da rahat buraxmayacaq. Təəssüf ki, böyük güclərin ədalət tərəzisində beynəlxalq hüquq deyil, güc amili yenə ağırlıq təşkil edir. Şəhid və qazilərimiz canları-qanları bahasına tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib milli qürurumuzu xilas etməklə yanaşı, həm də dünyanın ədalət tərəzisini pozanlara ibrət dərsi keçdilər. Bu həqiqət gələcək nəsillərə mütləq çatdırılmalıdır. Çatdırılmalıdır ki, cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanı ağır hərbi məğlubiyyətə məruz qoyduğu kimi, həm də onun hamilərinin məkrli planlarını iflasa uğratdı. Həqiqətən də qazandığımız tarixi Qələbənin miqyası göründüyündən və düşündüyümüzdən çox-çox böyükdür.

Milli qürurumuzun xilası naminə haqq savaşına çıxmağa məcbur edildiyimiz tarixə cəmi bir neçə gün qalır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə həmin gün-sentyabrın 27-si ölkəmizdə Anım Günü elan olunub. Prezidentimizin bu Sərəncamı gələcək nəsillərə çatdıracaq ki, son iki əsrdə Azərbaycan məhz 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Zəfər çalıb və bu Zəfər, onu əldə edənlər, Qələbəyə imza atanların xidmətləri heç vaxt unudulmamalıdır. Sərəncamda belə bir cümlə də var: “Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir”.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür versin. Şəhidlərimizin ruhu və gələcək nəsillər qarşısında müqəddəs borcumuz ondan ibarətdir ki, xalqımızın birliyini təcəssüm etdirən həmin yumruq Ermənistanı həmişə səksəkədə saxlasın və onu sərsəm xülyalardan, təxribatlardan çəkindirsin. Allah qürurlu və qalib Xalqımızı, Müzəffər Ali Baş Komandanımızı, qəhrəman Ordumuzu, bütöv Türk dünyasını və Azərbaycana sayğı ilə yanaşanları hər zaman qorusun!