Tarixdə şəxsiyyət, lider faktorunun rolunu danan və ya onun əhəmiyyətini kiçiltməyə çalışanlar bütün dövrlərdə mövcud olub. Maraqlıdır ki, bu fikri aşılayanların sırasında siyasətçi adına iddia edənlər həmişə üstünlük təşkil edib. Bunun bir səbəbi onların lider səviyyəsinə yüksələ bilməməsi və bu yolda ciddi siyasi risklərə, şəxsi fədakarlığa hazır olmamasıdırsa, digər səbəbi də cılız siyasi qısqanclıqdır.
Sfera.az bildirir ki, ölkəmizdə radikal müxalifətin təmsilçiləri uzun illər ictimai rəyə sırımağa çalışırdılar ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə torpaqlarımızın bir qarışı da işğaldan azad edilməyəcək. Bu gün isə eyni şəxslər utanmadan iddia edirlər ki, tarixi Zəfərin Prezident İlham Əliyevə heç bir aidiyyatı yoxdur. Bu, cılız qısqanclığın da sərhədlərini aşan siyasi nadanlıq və vicdan hissinin itirilməsi deməkdir. İçlərindəki kin-küdurət və siyasi natamamlıq sindromu onlara bu gün də imkan vermir ki, Müzəffər Ali Baş Komandan müraciətinin arxasında dayanan Lider, Şəxsiyyət faktoruna münasibətdə ən azından reallıq hissini itirməsinlər. Guya onlar bilmirlər ki, qələbəmizə hansı böyük güclər mane olub, 30 il ərzində kimlər xalqımızı məğlubiyyətlə barışdırmağa çalışıb və Prezident İlham Əliyev bu mürəkkəb yolda hansı güclərin siyasi müqavimətini qırmağa müvəffəq olub? Əlbəttə ki, bilirlər. Sadəcə, işlərinə yaramadığına, haqq etmədikləri siyasi iddiaları ilə uzlaşmadığına görə, həqiqətin gözünə dik baxa və virtual məkandan kənara çıxa bilmirlər. Yalnız ona görə ki, son iki əsrlik tariximizə həkk olunmuş Zəfər salnaməsinin altında Prezident, Ali Baş Komandan İlham Əliyevin Müzəffər imzası dayanır!
İşğal dövründə xarici dairələrdən eşitdiyimiz mesajlardan biri də onunla bağlı idi ki, Azərbaycan xalqı səbrli xalqdır. Məlum bədxahlarımız isə çox vaxt bu fikirdən milli qürurumuza toxunmaq və ölkəmizdə daxili sabitliyi pozmaq üçün istifadə edirdi. Lakin onlar bir həqiqəti görmür və anlamırdılar ki, bu səbrin, qaçqın-köçkün həyatının mənəvi-maddi məhrumiyyətlərinə dözümlü münasibətin kökündə Liderə bəslənilən inam dayanır. 44 günlük Vətən müharibəsində Qələbəmizi şərtləndirən Xalq-Lider-Ordu birliyi öz gücünü məhz səbrli illər ərzində formalaşmış qarşılıqlı etimad mühitindən aldı. Dünyanı heyrətə salan, bədxahlarımızı isə qıcıqlandıran gerçəklik elə bununla bağlı idi.
Şübhəsiz ki, istənilən dövlət başçısının fəaliyyəti konkret uğurlarla ölçülür. Bu, ölkənin sosial, iqtisadi və ya ictimai həyatındakı nəticələrlə bağlı ola bilər. Müasir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TAP və TANAP kimi bir çox transmilli layihələr tarixi uğurlarımız sırasına aid olsa da, Azərbaycan vətəndaşı üçün ölkəsinin ərazi bütövlüyü və suverenliyinin bərpasını ifadə edən, milli qürurunun rəmzinə çevrilən Qələbə ilə heç bir nailiyyət müqayisə oluna bilməz. Halbuki onların hər biri nəticə etibarilə tarixi Zəfərin qazanılmasına xidmət edib.
Dünyada çox az sayda lider öz xalqının tarixində əbədi yaşayır. İlahi ədalətin təcəllisidir ki, dövlətçilik tariximizdə Ulu Öndər Heydər Əliyevin Xilaskar imzası ilə onun siyasi və fiziki varisi Prezident İlham Əliyevin Müzəffər imzası qoşa dayanır! Tarixi şəxsiyyətləri bir çox siyasətçi və həmkarlarından fərqləndirən də elə bu cür bənzərsiz nailiyyətlərdir. Böyük dövlət adamı Uinston Çörçill həmin liderlərlə bağlı fikrini vaxtilə belə ifadə etmişdi: “Dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.
Əminəm ki, gələcək nəsillər bugünkü şanlı tariximizi mütləq öyrənəcək və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beş il əvvəl Zəfər Paradında ifadə etdiyi tarixi həqiqətlərlə həmişə qürur duyacaq: “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək”.
Ülvi Quliyev
Milli Məclisin deputatı