Təbiətin insanlara TÖHFƏSİ-Novruz bayramı

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı hər il xüsusi təntənə ilə qeyd olunur. Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir. Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır. Novruz əsrlərdir ki, milli, dini adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümumxalq bayramımızdır. Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır və həmrəyliyə xidmət edir.
Novruz bayramının məişətimizə qaytarılması 1969-cu ildə respublikamızın rəhbəri seçilən Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Novruz bayramı ölkəmizdə artıq milli dövlət bayramı kimi daha böyük təntənə ilə qeyd olunmağa başladı. Ümummilli lider 1998-ci ildə çıxışlarının birində demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.” Bu tarixi çıxışdan 22 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarını torpaqlarımızdan qovdu, 30 il işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycan xalqı bundan sonra əsrlər boyunca həmin yerlərdə Novruz bayramını qeyd edəcək.”
Xalqımızın milli-mənəvi irsinin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı müdafiəçisinə çevrilmişdir. Azərbaycanın birinci xanımının milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliğ olunması üçün həyata keçirdiyi layihələr onun əsl vətəndaşlıq mövqeyinin, yüksək mənəvi keyfiyyətlərə malik olmasının bariz nümunələridir. Onun səyi nəticəsində 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunmuşdur. Eyni zamanda, Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs siyahısına salınmışdır. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.
Novruz bayramı zamanı hər kəs yad edilir, insanlar dünyadan köçən əzizlərini, doğmalarını ziyarət edir. Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, etməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Yaralı əsgərlərimizə, vətədaşlarımıza Allahdan şəfa diləyirik! Bu əziz günlərdə heç kəs onları, ailələrini tək qoymur. Bu bizim adətlərimizdən, igid oğullarımıza, qardaşlarımıza, bacılarımıza, balalarımıza olan mənəvi borcumuzdan irəli gəlir.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı