“TEKNOFEST Azərbaycan” Festivalı türk birliyi haqqında dünyaya verilən siyasi bir mesaj idi” 

Xəbər verdiyimiz kimi artıq 3 gündür ki Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir. Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və bu ideyanın müəllifi Selçuk Bayraktar bildirib ki, Bakıda bu müsabiqənin keçirilməsindən qürur duyur. Azərbaycan və Türkiyə xalqlarının, dövlətlərinin hər zaman bir-birinə dəstək olduğunu söyləyən Səlçuq Bayraktar “Texnofest” sayəsində türk övladlarının nələri başaracağını dünyaya göstərəcəklərini vurğulayıb.

PİA.az-ın əməkdaşı “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı haqqında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılovanın fikirlərini öyrənib.

44 günlük Vətən müharibəsində türk PUA-ları sayəsində əsgərlərimizin torpaqlarımızı azad etdiklərini xatırladan Könül İsmayılova bildirib ki, buna görə də indi həmin PUA-ları canlı görməyin özü başqa bir möcüzədir:

Bakıda ilk dəfə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirildi. Burada Azərbaycan və Türkiyənin iştirak etməsi alqışlanası haldır. Çünki Azərbaycan və Türkiyə iki dövlət, bir millət və qardaş ölkədir. İki qardaş ölkənin də belə festivallar keçirməsi çox təqdirəlayiqdir.

Hamıya məlumdur ki, 44 günlük Vətən müharibəsində türk PUA-ları sayəsində əsgərlərimiz torpaqlarımızı azad etdilər. Buna görə də indi həmin PUA-ları canlı görməyin özü başqa bir möcüzədir. Eyni zamanda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı türk birliyi haqqında dünyaya verilən siyasi bir mesaj idi.

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıda oldu və cənab Prezidentlə o rəngarəngliyi izlədilər. Göy üzündə ay ulduzun olması, bayraqlarımızın rənglərinin göy üzündə dalğalanması möhtəşəm idi”.