"Bələdiyyələr tərəfindən yerli əhalinin rifahının yüksəldilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosialyönümlü layihələrin icrasına xüsusi önəm verilir".
Sabahinfo.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.
O bildirib ki, eyni zamanda, insanların həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bələdiyyə ərazilərinin səmərəli planlaşdırılması və abadlaşdırılması, təsərrüfat və sosial infrastrukturun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
“Bu çərçivədə 2025-ci il ərzində bələdiyyələr tərəfindən abadlıq işlərinə 10 milyon manata yaxın, sosial müdafiə və sosial təminat sahəsinə 1,7 milyon manatdan çox, gənclər siyasəti, təhsil və digər sosial tədbirlərlə bağlı layihələrə isə 500 min manata yaxın vəsait ayrılıb”.
T.Hüseynov qeyd edib ki, yeni yaradılmış bütün bələdiyyələrin nizamnamələri ölkə üzrə bələdiyyələrin birləşməsi nəticəsində yenidən formalaşması nəzərə alınaraq, Ədliyyə Nazirliyinin metodoloji dəstəyi ilə hazırlanıb və bələdiyyə iclaslarında təsdiq edilib:
"Görülmüş tədbirlər nəticəsində həmin nizamnamələrin Hüquqi Aktların dövlət reyestrinə daxil edilməsi təmin edilib. 2025-ci ildə inzibati nəzarət orqanına daxil olmuş 81.711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2%-nin qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib. Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb. Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsinin, o cümlədən 2 057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib”.
Nazir müavini vurğulayıb ki, 2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmaları müsbət nəticələr göstərib: "2024-cü illə müqayisədə yerli büdcələrə yerli vergilərdən təxminən 26% (7,2 milyon manat) çox vəsait daxil olub. Eyni zamanda, 2025-ci il ərzində inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirmə tədbiri həyata keçirilib və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib. Bundan əlavə, bələdiyyə aktları və müraciətlərə baxılması zamanı 6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə bələdiyyələrə metodoloji dəstək göstərilib".