“Türkiyə ilə hərbi əməkdaşlıq ən yüksək səviyyəyəyə qaldırılmalıdır”

Qüdrət Həsənquliyev: “Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin sayı artırılmalı, ən azı 40-60 minlik peşəkarlardan ibarət yeni xüsusi təyinatlı hərbi birləşmələr yaradılmalıdır”

Azərbaycan heç vaxt başqa dövlətlərin daxili işlərinə qarışmayıb,baxmayaraq ki, insan haqları heç bir dövlətin daxili işi deyil.

Bu sözləri xalqcebhesi.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

“Xalq cəbhəsi”nin “İranda baş verən son hadisələrə Azərbaycan dövlətinin münasibəti necə olmalıdır” sualını cavablandıran BAXCP sədri regionun qan çanağına döndüyünü bildirib: “Biz Rusiyanın Ukraynada nüvə silahı tətbiq etməsi təhlükəsi ilə üz-üzəyik. Bir tərəfdən də İranda vəziyyət qarışır. Hazırda dövlətimizin əsas vəzifəsi ərazi bütövlüyümüzü, millətimizin təhlükəsizliyini təmin etmək olmalıdır. Hesab edirəm bunun üçün müdafiə xərcləri, Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin sayı artırılmalı, ən azı 40-60 minlik peşəkarlardan ibarət yeni xüsusi təyinatlı hərbi birləşmələr yaradılmalı, hava hücumundan müdafiə sistemləri yüksək döyüş qabiliyyətinə malik olmalı, Ordumuz ən müasir hücum və müdafiə silahları ilə təmin edilməli, Türkiyə ilə hərbi əməkdaşlıq ən yüksək səviyyəyəyə qaldırılmalıdır”.

Qüdrət Həsənquliyevin sözlərinə görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu imkan verir ki, biz bağlaşma əsasında əcnəbiləri həqiqi hərbi xidmətə cəlb edək. Nəhayət ki, bu istiqamətdə də addımlar atılmalı, bizə qardaş olan ölkələrdən yüksək ixtisaslı hərbçilər Silahlı Qüvvələrimizə cəlb olunmalıdır. İran mövzusuna qayıdaraq onu demək istəyirəm ki, bu ölkədə demokratik islahatlara böyük ehtiyac var. Həm İran üçün, həm regionun digər ölkələri üçün o yaxşı olar ki, bu islahatlar yuxarıdan aparılsın. Bu islahatlar aparılmasa bu gün də olmasa yaxın gələcəkdə İranda qanlı inqilabların baş verməsi ehtimalı böyük olaraq qalacaq. Azərbaycan qonşu ölkələrdə baş verən prosesləri ciddi izləməli və hər şeyə hazır olmalıdır, o cümlədən qaçqın axınına .Cənubdakı soydaşlarımızın bizim məsləhətlərimizə ehtiyacları yoxdur. İnanıram ki, onlar keçmişdə baş verənlərdən düzgün nəticə çıxarıblar və zamanla şəraitə uyğun ən düzgün qərarı verəcəklər. Yetər ki,siyasi baxımdan fəal olsunlar, İranda demokratiyanın inkişafına ciddi töhfə versinlər. Demokratik cəmiyyətdə onlar qansız milli haqlarına sahib olacaqlar”.

 

 

Xalqcebhesi.az