Sumqayıtda – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” İctimai Birliyi tərəfindən hazırlanmış "Uçuruma Aparan Yol" adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və eləcə də şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə bildirilib ki, filmin əsas məqsədi insan alveri ilə bağlı risklərin azaldılması və cəmiyyətin bu təhlükəyə qarşı ayıq olması üçün vətəndaş cəmiyyətinin rolunu daha da artırmaqdan ibarətdir. Layihə çərçivəsində hazırlanan və maarifləndirici xarakter daşıyan film real hadisələrdən ilhamlanaraq gənclərin və ailələrin diqqətini mümkün təhlükələrə yönəltmək məqsədilə çəkilib.
Tədbirdə çıxış edən İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev təşkilatın fəaliyyəti və məqsədləri barədə məlumat verdi. O, insan alverinə qarşı mübarizədə cəmiyyətdə fərdi həssaslığın artırılması və geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğuladı. Ramiz Alıyev qeyd etdi ki, təşkilat uzun illərdir bu sahədə fəaliyyət göstərir, müxtəlif layihələr və kampaniyalar vasitəsilə insan alverinin qarşısının alınması üçün həm hüquqi, həm də sosial müdaxilə yollarını gücləndirir.
Daha sonra layihə rəhbəri Həsən Xıdırov çıxış edərək filmin ərsəyə gəlmə prosesi, qarşıya qoyulan məqsədlər və seçilən mövzunun aktuallığı barədə ətraflı məlumat verib. O, çıxışında bildirib ki, “Uçuruma Aparan Yol” filmi uzunmüddətli müşahidələr, real həyat hekayələri və faktiki məlumatlar əsasında hazırlanıb. Ssenari ictimaiyyətin diqqətini insan alverinin getdikcə incə forma və üsullarla, xüsusilə də gənclər və qadınlar üzərində necə qurulduğuna yönəltmək məqsədi daşıyır.
Daha sonra GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin rəhbəri Sevinc xanım Qasımova çıxışında tədbirin təşkilinə verilən dəstəyi vurğuladı və gəncləri maariflənməyə, təhlükələrə qarşı diqqətli və məsuliyyətli olmağa çağırdı.
Tədbirin əsas hissəsində “Uçuruma Aparan Yol” filmi nümayiş olundu. Reallıq əsasında hazırlanmış film auditoriyada böyük təəssürat yaratdı.
Film təqdimatından sonra rəsmi çıxışlara start verildi. İlk Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxış edərək insan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin məktəb yaşlarından başlanmasının zəruriliyini vurğuladı. O qeyd etdi ki, bu istiqamətdə təkcə hüquq-mühafizə orqanlarının deyil, həmçinin vətəndaş cəmiyyəti institutlarının və təhsil sisteminin üzərinə də mühüm məsuliyyət düşür:
“Məktəblərdə və gənclər arasında bu təhlükə barədə erkən məlumatlandırma aparılmalı, valideynlər və müəllimlər prosesə cəlb olunmalıdır.”
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı İbrahim Əhmədov çıxışında insan alverinə qarşı həyata keçirilən əməliyyat tədbirləri, mövcud qanunvericilik çərçivəsi və profilaktik mexanizmlər barədə məlumat verib. O qeyd edib ki, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyəti sistemli, davamlı və çoxşaxəlidir.
Sumqayıt Şəhər Polis İdarəsinin bölmə rəisi Azər Bağırov yerli səviyyədə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub. O qeyd edib ki, polis orqanları bu kimi təşəbbüsləri yüksək qiymətləndirir və onların təşkilinə hər zaman dəstək göstərməyə hazırdır.
Əməkdar müəllim, Şöhrət ordenli, Prezidentin fərdi təqaüdçüsü Ofelya Babayeva çıxşında təhsil sistemində bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini qeyd edib. Bildirib ki, pedaqoqların da insan alveri və risklər haqqında şagirdlərə məlumat verməsi vacib və əhəmiyyətlidir.
“Qərbi Azərbaycan İcmasının” Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov cəmiyyətin müxtəlif təbəqələrinin bu məsələyə həssas yanaşmalı olduğunu bildirərək, icmaların, ailələrin və QHT-lərin birgə əməkdaşlığını önə çəkdi.
Sonda digər QHT rəhbərləri də çıxış edərək öz fikirlərini bölüşüblər. Onlar bu tip filmlərin regionlarda nümayiş olunmasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və iştirakçılar tərəfindən filmin geniş auditoriyaya təqdim olunması, məktəblərdə və icmalarda nümayiş etdirilməsi təklif olunub.
Filmlə bu link vasitəsi ilə tanış ola bilərsiniz.
https://youtu.be/uJ89bkboets?si=V9vuefVle0FNH2OW








