Uğurlu diplomatik siyasətin nəticəsi    

Azərbaycan Prezidenti İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilən geniş tərkibli iclasında iştirakı çox önəmli hadisədir. Birincisi, Azərbaycan Ali Avrasiya İqtisadi Şurasının tədbirində ali fəxri qonaq olaraq iştirak edirdi. Həmçinin Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin növbəti üçtərəfli görüşünün keçiriləcəyi ictimaiyyətə öncədən bəlli idi.

 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə ilk çıxış edən Azərbaycan olub. Dövlət başçısı bu xüsusda son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Aİ Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərini qeyd edib, qarşıdan gələn dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərin olacağını bildirib.

 Həm Avropa Birliyinin vasitəçiliyi ilə, həm Amerika Birləşmiş Ştatları vasitəsilə aparılan danışıqlar, həm Rusiya vasitəsilə aparılan danışıqların hər birində Azərbaycanın ərazi bütövlüyü məsələsi vasitəçilər tərəfindən birmənalı tanınıb. İki ölkə arasında sülhün əldə olunması prosesində Vaşinqton və Brüssellə müqayisədə Rusiya həlledici aktor və rəsmi vasitəçidir. Uğurlu diplomatik siyasətin nəticəsində artıq Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olub. Bu Azərbaycan dövlətinin, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uğurudur.

 Azərbaycan ikitərəfli qaydada, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin hər biri ilə sıx əlaqələrə malikdir və bu əlaqələr zəngin təcrübəyə əsaslanır. Bunu üçtərəfli görüşdən əvvəl Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan istisna olmaqla, şuraya üzv ölkələrlə Azərbaycanın əməkdaşlığı 30 il ərzində uğurla inkişaf etdiyini bildirmişdir. Dövlət başçısı, həmçinin Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması əsasında münasibətlərin normallaşdırılması üçün ciddi imkanlar mövcud olduğunu qeyd etmişdir.

 Ölkəmiz həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat qovşağında olması maraqlı qüvvələrin burada söz sahibi olması üçün güc sərf etmələrinə səbəb olur. Çindən başlayan ipək yolu ilə bağlı hələ Ulu Öndər Heydər Əliyevin zamanında böyük konfranslar, görüşlər keçirildi və nəticədə bu yol Azərbaycan üzərindən keçiriləsi reallaşdı. Bakı-Tblisi-Qars dəmiryolu xətti də buna xidmət edir. Həm quru, dəniz yolları infrastrukturunun inkişafı, modernləşmiş gəmilərin olması, müasir gəmiqayırma zavodunun olması çox önəmli hadisədir. Başqa sözlə, ixracın diversifikasiyası respublikamızın əsas hədəflərindən biridir. Heydər Əliyevin Azərbaycanın milli maraqlarına uyğun xarici siyasət yürütməsinin nə qədər doğru olduğunu sübut etdi və bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi sayəsində Azərbaycan böyük nailiyyətlər əldə etməkdə davam edir.

Axundov Asif Əbülfəz oğlu. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı