Azərbaycanın şanlı tarixində diplomatik uğurlar mühüm əhəmiyyət kəsb edir. Dövlətçiliyimizin inkişafı, xalqın mənəvi dəyərlərin formalaşması və Azərbaycan həqiqətlərinin dünya arenasında tanıdılması bu diplomatiyanın əsas konturlarından biridir. Əldə olunan nəticələrin statistikasına nəzər salanda qadın diplomatiyası və bu diplomatiyanın parlaq siması olan Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinin şahidi oluruq. Misilsiz fəaliyyəti ilə daim dövlət başçısının yanında olan və Azərbaycan xalqların taleyüklü məsələlərinin həllində mühüm rol oynayan Mehriban Əliyeva Azərbaycanın diplomatiya tarixində adları yaddaşlara əbədi həkk olan qadın hökmdarları ilə müqayisə olunur.
Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.
Mehriban xanım Əliyevanın “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” sözləri, şübhəsiz ki, onun həyat və fəaliyyət kredosunu təşkil edir. Bu kontekstdə bir sıra nümunələrə xüsusi nəzər salmaq – diqqət yetirmək məqsədəmüvafiq olar.
Mehriban xanım Əliyevanın çox şaxəli fəaliyyətindən olan milli mədəniyyətimizin təbliği, mənəvi irsimizin qorunması nəticəsində Azərbaycanın zəngin tarixi və mədəni mirasının dünya ictimaiyyətinə davamlı olaraq çatdırılır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yaradılması, “Azərbaycan - İrs” jurnalını təsis edilməsi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bir çox ölkədə xalqımızın milli-mənəvi dəyərlərinin, Azərbaycan xalqının zəngin mədəniyyət nümunələrinin tanıdılması ilə əlaqədar sərgilərin keçirilməsi kimi addımlar mədəniyyət diplomatiyasının tərkib hissəsi kimi olduqca böyük önəmə malikdir. Bununla yanaşı Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı təşkil etməsi və digər mühüm tədbirlər Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, mənəvi sərvətlərimizin, ölkəmizdəki yaradıcılıq, tolerantlıq və multikulturalizm mühitinin geniş beynəlxalq platformada təbliğ olunması işinə misilsiz töhfədir. Onu da qeyd edək ki, Şuşada Cıdır düzündə Prezident İlham Əliyevin təşəbbüsü və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının keçirilməsi xüsusi tarixi, siyasi, ictimai və mədəni əhəmiyyətə malikdir. “Xarıbülbül” festivalı Azərbaycanın zəngin tarixi-mədəni ənənələrini bir daha dünyaya nümayiş etdirməklə yanaşı, xalqımızın tolerantlıq və multikulturalizm dəyərlərinə sadiqliyini, ölkəmizdə müxtəlif dinlərə və millətlərə mənsub olan insanların vahid ailə kimi sülh, təhlükəsizlik şəraitində mehriban birgəyaşayışa malik olduğunu növbəti dəfə təsdiqlədi. Təbii ki, Azərbaycanın mədəniyyət paytaxtı və Qarabağın tacı Şuşanın işğaldan azad olunmasından sonra ilk dəfə keçirilən “Xarıbülbül” festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların yaradıcılıq nümunələrinin nümayiş etdirilməsi həm də musiqinin dili ilə verilən dərin və konkret ictimai-siyasi mesaj kimi böyük rəmzi məna daşıyır. Bu, hər şeydən əvvəl, Vətən müharibəsində qələbəmizi təmin edən çox mühüm amillərdən biri olan ictimai həmrəyliyin – milli birliyin bariz nümunəsi - əyani ifadəsidir.
Mehriban xanım Əliyeva cəmiyyətin həssas təbəqələrinin istəklərinin yerinə yetirilməsi – onların problemlərinin həll olunması istiqamətində fəaliyyətə xüsusi önəm verir. Yeni layihələr əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlillərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və erməni vandalizmindən, müharibədən əziyyət çəkən digər kateqoriyadan olan insanlara sosial dəstək xarakterli işlərin görülməsi də xüsusi qeyd edilməlidir. Bu, Mehriban xanım Əliyevanın dövlət idarəçiliyi sahəsində fəaliyyətinin milli maraqlara və çağdaş qlobal çağırışlara adekvat cavab verməklə yanaşı, humanizm və vətənpərvərlik prinsiplərinə də əsaslandığını göstərir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı