Ukraynalı polkovnik: “Rusiya ordusu taktikasını dəyişdirmək məcburiyyətində qalıb”

“Rusiya təbliğatının guya Ukraynadakı müharibəni bir neçə mərhələdə planlaşdırması ilə bağlı tezisi yalandır. Əslində, düşmən yalnız bir planın uğurlu olacağına ümid edirdi”.

Bu açıqlama ilə Ukrayna Müdafiə Nazirliyinin spikeri, polkovnik Oleksandr Motuzyanik çıxış edib.

“Əslində, yalnız bir “plan” var idi: ildırım sürəti ilə hücum, paytaxt daxil olmaqla Ukraynanın böyük şəhərlərini tutmaq, Ukrayna hökumətini devirmək və Rusiya Federasiyasının nəzarətində olan hökumət yaratmaq. Bu, əslində təcavüzkarın əsas məqsədi idi”, - deyə polkovnik vurğulayıb.

Eyni zamanda o, rusların təşviş içində yeni bir plan hazırlamaq məcburiyyətində qaldıqlarını və bu planın rus ictimaiyyətinə “xüsusi əməliyyatın ikinci mərhələsi” kimi sırımağa çalışdıqlarını vurğulayıb:

“Çoxsaylı itkilər, hərbi əməliyyatların planlaşdırılmasında səhv hesablamalar və sonda ukraynalıların şiddətli müqaviməti Rusiya rəhbərliyini öz planlarına düzəlişlər etməyə məcbur etdi. Ona görə də indi onlar guya yalnız Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarətin yaradılmasını özündə ehtiva edən qondarma “B planı”nın mövcudluğundan danışırlar. Onlar hazırda bunu etməyə çalışırlar”.