Unudulmayanlar

Unudulmayanlar salnaməsində yaşatdığımız oğullarımızdan biri də təkcə doğulub, boya-başa çatdığı Füzuli rayonu  Qazaxlar kəndinin yox, hər birimizin fəxri müstəqil Azərbaycanın düşmən tapdağında olan torpaqlarının azadlığı uğrunda,  şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Alışov Nurəddin Talış oğludur. 

İxtisasca iqtisadçı olsa da, Vətənin dar günündə silaha sarılıb müsəlləh əsgər olmağı özünə borc bilib. 1992-ci ildə Füzulinin Könüllü özünümüdafiə Taborunda xidmətə başlayıb.  Füzuli rayonunda yerləşən Məngələnata yüksəkliyində yerləşən hava hücumundan müdafiə tağımının komandiri təyin olunur və zenit-raket qurğusunun idarə olunmasına rəhbərlik edir. İşğalçı dövlətin qərəzli həmlələrinə qarşı amansız mövqeyilə qan uddurmuş, Füzuli rayonu və ətraf kəndləri - Arış, Hoğa, Gövşadlı və Qoçəhmədlinin itkisiz azad olunaraq düşmənin geri çəkilməsində , əhalini hədəf seçərək törədiləcək təxribatların, hərbi  təcavüzün qarşısının alınmasında şücaətini əsirgəmir. İdarə etdiyi zenit-raket qurğusuyla separatçıların iki tankını heyətilə birlikdə məhv edir. 

1993-cü ilin 2 aprelində xain düşmənin yaxın məsafəyə atdığı mərminin qəlpələri Nurəddini başından  yaralayır. Həkimlərin müdaxiləsinə və göstərilən səylərə baxmayaraq Nurəddin aprelin 17-də şəhadətə yüksələrək Vətən səmasında əbədi məşələ dönür.

Nurəddin Abışov son damla qanına qədər tərk etməyib, bir qarışını da yağı tapdağında qoymadığı kəndində dəfn olunur. Oxuduğu Qazaxlar kənd orta məktəbi  qəhrəmanının adını daşıyır. 44 günlük müharibədə  Nurəddin şəhid olduğu Məngələnata yüksəkliyi, orada olan tarixi Alban kilsəsi, zenit-raket qurğusunun quraşdırıldığı qala  işğaldan azad olunur. Hazırda həmin yüksəklikdə Azərbaycan bayrağı dalğalanaraq düşmənə meydan oxuyur. 

Qisasımızı qiyamətə qoymayan mərd oğullarımızın, cənnət qoxulu şəhidlərimizin igidliyi sayəsində zəbt olunan ərazilərimiz öz bütövlüyünə qovuşdu. Artıq cənnət məkanı olan Qarabağımız, onun qoynuna aldığı qəhrəman oğullarımızın məzarları ziyarətgaha çevrilməkdədir. 

Bu gün doğmaları Nurəddini və onun müqəddəs ruhunun dolaşdığı torpağı  ziyarət ediblər. 

Torpaq fədaisi, yurd sevdalısı, adını tarixə cəsur hərbçi, ürəklərə ölməz qəhrəman, göylərin ənginliklərinə qanıyila Şəhid kimi yazdıran Nurəddin yaddaşımızın şahı olan xatirələrdə əbədiləşdirdi. 

Bəli, bütün yüksəkliklərdən ucadır Şəhidlik məqamı! Bu ağrını az da olsa ovudan təsəllilər və itirdiklərimizin ruhlarının bərqərar olduğu ucalıq məqamıdır. 

 Aida Bayramova.