İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası çərçivəsində bu il regional təlimlərin əsas mövzusu uşaq əməyinin istismarı olacaq. Təlimlər öncəsi Koalisiya üzvü olan QHT-lərin təlimçiləri ilə onlayn müzakirə aparılıb.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, 2025-ci il üçün fəaliyyət planı hazırlanarkən Koalisiya üzvləri ilə birgə keçirilən müzakirələr zamanı uşaq əməyinin istismarına dair indikatorlara xüsusi diqqət yetirilməsi qərara alınıb:
“Bu məsələ həm beynəlxalq tövsiyələrdə önə çəkilmişdi, həm də yerli ehtiyacları nəzərə alaraq prioritet kimi qəbul etdik. Fəaliyyət planında bu istiqamətdə maarifləndirici təlimlərin keçirilməsi nəzərdə tutulub. İlkin olaraq Koalisiyanın maarifləndirmə qrupunun üzvləri üçün “təlimçilər üçün təlim” formatında bir günlük sessiya keçirilib. Təlim “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisində baş tutub. Daha sonra, təlimlərin genişləndirilməsi üçün Daxili İşlər Nazirliyinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimova müraciət olunub. Nazir müavini bu təşəbbüsü dəstəkləyib və genişmiqyaslı təlimlərin keçirilməsi razılaşdırılıb".
Mehriban Zeynalovanın sözlərinə görə, təlimlər 6 maydan etibarən müxtəlif bölgələrdə keçiriləcək:
"Təlimçi qruplar təlim materiallarını bir daha nəzərdən keçirib, iştirakçıların prosesə aktiv cəlb olunması üçün müxtəlif metodlar – “beyin hücumu”, sualların formalaşdırılması, praktiki keyslər və interaktiv təqdimat formatları üzərində işləyiblər. Təlimlərin ilkin hədəf qrupu sahə müvəkkilləri, uşaq inspektorları və polis əməkdaşlarıdır. Daha sonra sahibkarlar da təlimlərə cəlb olunacaq. Bu təşəbbüs, insan alverinə qarşı mübarizədə profilaktik tədbirlərin gücləndirilməsi və həssas qruplarla işləyən sahə əməkdaşlarının bilik və bacarıqlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır".
Koalisiyanın fikrincə, bu təlimlərin keyfiyyətli təşkili sahədə daha məsuliyyətli yanaşma və effektiv nəticələrin əldə olunması üçün əsas şərtdir.