Vilyam Hacıyev tanınmış idmançıdan pul tələb edib? - MƏHKƏMƏ

Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycan Natural Bodibildinq və Fitnes Assosiasiyasının prezidenti, idmançı Elnur Şıxəliyev ifadə verib. O, özündən rüşvət tələb olunması epizodundan danışıb:

“İmişlidə mənim torpaq sahəm olub, həmin torpağın sənədlərini almaq üçün icra başçısı 20 min manat tələb etdi. Mən özüm beynəlxalq dərəcəli idmançıyam. Ata-baba yurdumda heyvandarlıq sahəsini inkişaf etdirmək istəyirdim. Pulu verərkən mənə çek də vermədilər. Məbləği baş mühasibin əli ilə çatdırdım”.

Prosesdə Birinci Qarabağ müharibəsi veteranı Aqil Ələkbərov dindirilib. O deyib ki, icarəyə götürdüyü torpaq sahəsinin müqavilə müddətini uzatmaq üçün ondan 1 000 manat rüşvət alınıb. 

Daha sonra İmişli Rayon Arxiv İdarəsinin sabiq rəisi Tərlan Əliyev ifadə verib. O, dövlət tərəfindən arxiv idarəsinə ayrılmış pulu İcra Hakimiyyətinin götürdüyünü deyib:

“İdarənin təmiri üçün hər il min manat ayrılırdı. Vilyam Hacıyev gələndən sonra pulu baş mühasib Cəmil götürməyə başladı. Məcbur qalıb idarəni öz cibimdən təmir etməyə başladım”.

Vilyam Hacıyev Aqil Ələkbərovun ifadəsinə etiraz edib. “Niyə gəlib mənə şikayət etmirdin bəs?” deyən icra başçısının sualına Tərlan Əliyev “Cəmil sənin sınanmış adamın idi. Onu illərdir tanıyıram. Əvvəl büzüşə-büzüşə gəzirdi, siz gələndən sonra sinəsini irəli verməyə başladı” deyə cavab verib.

Məhkəmə aprelin 22-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Onun evindən və iş kabinetindən qeyri-qanuni yolla əldə edilmiş külli miqdarda pul tapılıb.