Vüqar Rəhimzadə: Türkiyə Prezidentinin Azərbaycana dövlət səfəri qardaşlıq münasibətlərimizin əyani təzahürüdür

Qardaşlığın əsl nümunəsini dünyaya nümayiş etdirən Azərbaycan və Türkiyə əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını atdıqları bütün addımlarda, irəli sürdükləri təşəbbüslərdə təsdiqləyirlər. Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana dövlət səfəri bu qardaşlığın ən parlaq nümunələrindən biridir. Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bu günümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi apararaq gələcək hədəfləri açıqladılar. Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibətlərimizin bundan sonra daha da inkişafında öz sözünü deyəcək. “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir”, - söyləyən dövlətimizin başçısı İlham Əliyev onu da əlavə etdi ki, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcəklər. Xarici siyasətlə əlaqədar aparılan birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi faktoru çox önəmlidir.

Bu fikirlərin davamı olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğu istənilən vaxt açmağa hazırıq. Şuşadakı baş konsulluğun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsindən bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur. Prezident İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu mühüm məqam xüsusi qeyd edilir ki, qardaş Türkiyə Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu dəstək Azərbaycana güc verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarında da Prezident İlham Əliyev bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. İki gündən sonra Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü qeyd ediləcək. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, dünya bu qardaşlığın növbəti nümunəsini Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı gördü. Azərbaycan hökuməti və xalqı Türkiyə xalqının dərdini öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdi. Dəstək yalnız maddi və humanitar sferalarla məhdudlaşmadı. Eləcə də siyasi müstəvidə özünü göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirildi. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Bu Zirvə görüşünün ardınca İstanbulda “TEXNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycanın zəlzələ baş verən Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməli qoyuldu. Bu, Türk dünyası birliyinin sarsılmazlıq nümunəsi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əskinasını təqdim etməsi də bu qardaşlıqdan irəli gələn mühüm addım oldu.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir. Hazırda əsas hədəflər sırasında Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması məsələsi xüsusi yer tutur. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, yaxın gələcəkdə, aylarda bu məsələ də öz həllini tapacaq. Qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək.

Göründüyü kimi, iki dost, qardaş ölkə münasibətlərin yeni prioritetlər üzrə inkişaf etdirilməsində qərarlıdırlar. Tərəflər bu gün və gələcəkdə atılacaq addımlardan məmnundurlar. Əsas olan budur ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır, hər bir yeniləyə birgə imza atmağa səy göstərirlər. Hansı sahəyə baxsaq bu birliyin, həmrəyliyin özünü qabarıq şəkildə büruzə verdiyini görərik. Prezidentlərin mətbuata birgə bəyanatlarında mühüm mesajlar da öz əksini tapdı. Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakının dünyaya və Türkiyəyə bir mesaj olduğunu vurğulayaraq, Azərbaycana xanımı ilə birlikdə səfər etdiyini də bildirdi. Bu səfərlər iki dost ölkə arasındakı qardaşlıq duyğularının nə qədər inkişaf etməsinin ifadəsidir.

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirmə aparıb ki, daim dünyaya qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı üçün gözəl imkanlar yaranır. “Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır”, - söyləyən dövlətimizin başçısı belə bir əminliyi ifadə etdi ki, bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq.