Mahir Süleymanlı
Milli Məclisin deputatı
İki il əvvəl təməli qoyulan Xocalı Soyqırımı Memorialının məhz azad edilmiş Xocalıda ucaldılması dərin rəmzi məna daşıyır və bu addım tarixi ədalətin bərpasının, milli iradənin və xalqın qətiyyətinin təzahürüdür. Həmin abidə xalqımızın əyilməz ruhunu və ədalət uğrunda mübarizəsini əbədi olaraq təcəssüm etdirir.
Prezident İlham Əliyevin çıxışında Xocalı soyqırımının Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayət olduğu ifadə edilib. Bir gecə ərzində 600-dən çox günahsız mülki şəxsin, o cümlədən 106 qadın və 63 uşağın qətlə yetirilməsi, 150 nəfərin itkin düşməsi XX əsrin ən ağır faciələrindən biri kimi dəyərləndirilir. Onların bəzilərinin işğaldan sonra qalıqları tapılıb və torpağa tapşırılıb. Həmin hadisənin məsuliyyətini Ermənistan daşıyır.
Dövlətimizin başçısı, həmçinin çıxışında faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işləri vurğulayıb. Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra başlanan “Xocalıya ədalət!” kampaniyası həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində konfranslar, sərgilər, təqdimatlar təşkil edilib, kitablar, broşürlər və bukletlər nəşr edilib. Bu sistemli fəaliyyət nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanıyıb və həmin proses davam edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar: “Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı”.
Ədalət yalnız çağırışlarla deyil, ardıcıl strategiya ilə təmin olunur. Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində müharibə cinayətkarlarının bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib, digər bir hissəsi isə məhkəmə qarşısına gətirilib. Bu faktor ədalətin tam təntənəsi kimi dəyərləndirilir. Hər iki əməliyyat Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın bir yumruq kimi birləşməsi və şanlı ordumuzun peşəkarlığı hesabına reallaşdırılıb.
Dünyada nadir hallarda ölkələr tapılır ki, ədalətli müharibədə tam və mütləq qələbə qazansın, ərazi bütövlüyünü bərpa etsin, bunu Azərbaycan dövləti edib. İşğal dövründə bir çox təzyiqlərə və təhdidlərə baxmayaraq, dövlətin əyilməz iradəsi nəticəsində bütün planlar uğurla həyata keçirilib. Prezident İlham Əliyev beynəlxalq kürsülərdə və köçkünlərlə görüşlərdə bildirib ki, Azərbaycan öz torpaqlarını azad edəcək və məsələ həll olunmasa, hərbi yolla bunu reallaşdıracaqdır.
Memorial Kompleksin məhz Xocalıda inşası xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır. Bu məsələnin reallığa çevrilməsi siyasi uzaqgörənliyin və qətiyyətin göstəricisi kimi dəyərləndirilir. Kompleks yalnız faciənin xatirəsini yaşatmır, eyni zamanda xalqın əyilməz ruhunu nümayiş etdirir. Uzun illər didərgin həyatı yaşayan, doğmalarını itirən insanlar inamlarını itirmədilər. Onları ayaqda saxlayan ədalətə, dövlətə və orduya inam idi.
Vətən müharibəsi Ermənistana dərs verməsinə baxmayaraq, 2020-ci ilin Zəfərindən sonra müxtəlif yollarla separatçı rejimə və onların havadarlarına xəbərdarlıq edilməsinə baxmayaraq, vəziyyət dəyişmədi. Xarici dövlətlərin qanunsuz hərbi kontingent yerləşdirmələri və separatçılara dəstək verməsi Azərbaycan dövlətinin iradəsinə təsir edə bilmədi. 2023-cü ilin antiterror əməliyyatı isə bir daha göstərdi ki, heç bir qüvvə xalqın və dövlətin iradəsini poza bilməz.
Xocalı Soyqırımı Memorialının açılışında Xocalı sakinləri də iştirak etmişdir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını itirmiş və uzun illər bu ağrı ilə yaşamışdır. Həmin insanlar ədalətə, dövlətə və orduya olan inam sayəsində ayaqda dura bilmişdir. XX əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı faciəsinə baxmayaraq, xalqımız öz mənliyini, ləyaqətini və inamını qorumuşdur. Memorial Kompleks gələcək nəsillərə güclü mesaj verir, hər bir ziyarətçi burada faciənin dəhşətlərini görür. Xocalı soyqırımının detalları, qəhrəmanların hekayələri və itkin düşənlərin taleləri gənc nəsillərə tarixdən dərs götürmə imkanı yaradır. Gələcək nəsillər üçün bu abidə həm xəbərdarlıq, həm də ilham mənbəyidir, haqq uğrunda mübarizə, ədalət və dövlətçiliyə sadiqlik heç vaxt unudulmamalıdır.
Bu gün Azərbaycan güclü iqtisadiyyata, peşəkar orduya və müstəqil siyasət yürütmək imkanına malikdir. Son 80 il ərzində bu miqyasda tam və mütləq qələbə qazanan ikinci dövlət yoxdur. Eyni zamanda, müharibə beynəlxalq humanitar hüquq çərçivəsində aparılıb, mülki əhaliyə qarşı heç vaxt hədəfli əməliyyat həyata keçirilməyib. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa və humanitar prinsiplərə sadiqliyini bir daha nümayiş etdirib. Qazanılmış Zəfər regionda yeni reallıqlar formalaşdıraraq ölkəmizin siyasi və strateji mövqelərini daha da möhkəmləndirib. Ötən dövrdə əldə olunan güc və təcrübə dövlət təhlükəsizliyinin, suverenliyinin və davamlı inkişafının əsas təminatına çevrilib.
Beləliklə, Xocalı Soyqırımı Memorialının açılışı dövlətçiliyin təntənəsi kimi tarixə düşüb. Bu hadisə göstərdi ki, milli birlik, güclü dövlətçilik, düşünülmüş siyasət və əyilməz iradə nəticə etibarilə tarixi ədaləti təmin etməyə qadirdir.