Xalqa milli qürurunu qaytaran Lider

Kürdəmirdə seçicilər ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Kürdəmir rayonunun Qarasaqqal, Topalhəsənli, Qaraqocalı və Şahsevən kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, təşviqat qrupunun üzvləri Ayyət Nəsirov, Ramiz Cəfərov, Nicat Ağarəhimov, Vasif Məmmədov və Əli Ağayev çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində Azərbaycan regionun lider dövlətinə çevirilib. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasını şərtləndirib. Bu uğurların zirvəsində ölkəmizin suverenliyinin tam şəkildə bərpa olunması dayanır. Qeyd olunub ki, bu seçkilər ölkəmizin bütün ərazilərində keçiriləcəyi ilə əlamətdardır və haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Kənd sakinləri seçki kampaniyasında fəal iştirak edəcəklərini, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.