Xalqımızın xilası

“1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Həmin gün xalq yekdilliklə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi dövlət başçısı seçdi. Bu qərar təkcə bir siyasi proses deyildi, həm də Azərbaycanın gələcək varlığını, suverenliyini və inkişafını təmin edən əsaslı başlanğıc idi. O gün verilən düzgün qərar sayəsində bu gün mövcud olan güclü və sabit Azərbaycan dövləti formalaşdı. Tarixin sübut etdiyi kimi, Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın xilası, müstəqil dövlətimizin möhkəmlənməsi üçün yeganə çıxış yolu idi.”

Bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat 1991-1993-cü illərdə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna təhdid yaradan amillərin həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə yarandığını vurğulayıb və bildirib ki, həmin dövrdə ölkədə yaranmış xaos və idarəetmədəki səriştəsizlik dövlətçiliyi uçuruma aparırdı: “Həmin illərdə siyasi qeyri-sabitlik, özbaşınalıq və səriştəsiz idarəçilik Azərbaycanın həm daxildə, həm də beynəlxalq müstəvidə mövqelərini zəiflətdi. Torpaqlarımız ard-arda işğal olundu, iqtisadiyyat tənəzzülə uğradı, vətəndaş müharibəsi təhlükəsi real xarakter aldı. Belə bir böhranlı məqamda xalq yalnız Heydər Əliyevdə xilaskar lider obrazını görürdü. 1993-cü ilin iyununda xalqın təkidli çağırışları ilə Bakıya qayıdan Ulu Öndər çox qısa müddətdə vəziyyəti nəzarətə götürdü. Onun gəlişi ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Xalqın müstəqilliyə inamı yenidən dirçəldi, gələcəyə ümid yarandı. 1993-cü ilin oktyabrında keçirilən seçkilərdən sonra Heydər Əliyev dövlətə sədaqət andı içərək öz missiyasına başladı və ömrünün sonunadək bu anda sadiq qaldı. Ulu Öndərin hakimiyyətə gəlişi yalnız böhrandan çıxış yolu deyildi, bununla həm də dövlət quruculuğunun strateji əsasları yaranmış oldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaqla yanaşı, onu möhkəmləndirəcək milli ideologiyanın müəllifi oldu. Azərbaycançılıq məfkurəsi xalqın milli ruhunu gücləndirdi, soydaşlarımızı dünyanın hər yerində vahid amal ətrafında birləşdirdi. Bu ideologiya dövlətin güclənməsi, xalqın özünüdərk və tarixi yaddaşının bərpası üçün mühüm siyasi baza rolunu oynadı.”

Sonda Göydəniz Qəhrəmanov bunu da deyib ki, Heydər Əliyev siyasi xətti bu gün də ölkəmizin inkişafında əsas rol oynayır: “Bu gün Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu ardıcıl şəkildə davam etdirir. Bu siyasət sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzunu artırmış, iqtisadi və sosial sahələrdə mühüm uğurlar qazanmışdır. Ən əsası isə, güclü ordu quruculuğu nəticəsində işğal altındakı torpaqlarımız azad edilmiş, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Heydər Əliyev siyasi irsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni inkişaf imkanları açıb. Bugünkü sabitlik və güclü dövlətçilik ənənələri məhz Ulu Öndərin vaxtında atdığı düzgün addımların nəticəsidir. 1993-cü ilin oktyabr ayında Azərbaycanın gələcəyi üçün möhkəm qoyulan bünövrə bu gün cənab prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla dəvam etdirilir.” – deyə, millət vəkili fikirlərini tamamlayıb.