Xankəndi-Laçın yolu: Mübarizə 120 gündür davam edir

Azərbaycanlı eko-fəaların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc aksiya davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 120-ci günüdür.

Aksiyanı gecə saatlarında da davam etdirən iştirakçılar adəti üzrə bu səhər də Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Aksiyanın tələb və şüarları dəyişməz olaraq qalır. Belə ki, aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb edilir.

İştirakçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.