Xankəndi stadionunda bütün iştirakçılar qalib idi

Məşhur Məmmədov,
Millət vəkili



21 dekabrda xalqımız tarixi hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı.Simvolik məna daşıyan oyunu izləmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadiona gəldilər.

Bu yarış hər bir azərbaycanlının fəxrlə, qürurla illərlə danışacağı yarış oldu. İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan, qələbəmizin memarı İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etdi.

Yarışı izləməyə gələn qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri də cənab Prezidentin yanında yer alması, Prezidentin hamını onları salamlamağa çağırması Şəhid və Qazi ailələrinin ölkə başçısı üçün prioritet olmasının bariz nümunəsidir.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.

Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Müzəffər Ali Baş Komandan onlara sübut etdi ki, Qarabağ Azərbaycandır!

İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. 21 dekabrda isə bu gözəl idman bayramını biz birlikdə qeyd etdik. Xankəndi stadionu minlərlə azarkeşlə bu möhtəşəm oyuna şahidlik etdi, milyonlarla azərbaycanlı qürurla bu oyunu televiziyadan izlədi.
Bundan sonra işğaldan azad edilən torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar Xankəndidə əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz!
Xankəndi zamanla çox oyunlara, çox mötəbər hadisələrə şahidlik edəcək.