15 oktyabr 2023-cü il Xankəndidə şanlı Azərbaycan bayrağı ucaldıldı. Bir il əvvəl xalqımız bu sevinc və qürur hissini yaşadı. Bütün dünya Heydər Əliyev ilində və Prezident İlham Əliyevin faəliyyətinin 20-ci ilində Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəngdə ucaldıldı. Bu, 30 ilə yaxın müddətdə tarixi torpaqlarımızda hökm sürən terrorun, separtazimin kökü kəsiləndən sonra böyük qələbəmizin məntiqi sonluğu oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 20 ildə qazandığı naliyyətlər böyük qələbəni şərtləndirdi və Azərbaycan 30 il davam edən ədalətsizliyə öz iradəsi və gücü hesabına son qoydu. 2003-cü ilin oktyabrında xalqın etimadını qazanaraq Prezident seçilən cənab İlham Əliyev bütün torpaqlarımızın işğaldan azad olunmasını bir nömrəli vəzifə kimi qarşıya qoymuşdu. Bu müqəddəs vəzifənin icrası bir an belə təxirə düşmədi. Azərbaycan bu illər ərzində gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün yaratdığımız güclü siyasi və hüquqi zəmin, ordumuzun gücləndirilməsi ədalətin bərpasında həlledici rol oynadı. Təsadüfi deyil ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilir.
Ərazi bütövlüyü və suverenliyimizin bərpasına qədər atılan addımlarla, hərbi, siyasi, iqtisadi sahədə güclənməyimizlə böyük qələbəmizi yaxınlaşdırırdıq. Aprel döyüşləri, uğurlu Günnüt əməliyyatı Azərbaycan Ordusunun istənilən tapşırığı yerinə yetirə biləcəyini təsdiqləyirdi. Heç bir güc Azərbaycanı haqlı və prinsipial mövqeyindən yayındıra bilmirdi.
Ötən il Xankəndidə ucaldılan bayraq da göstərdi ki, 20 il ərzində Prezident İlham Əliyevin dediyi sözlər, verdiyi vədlərin hamısı əməli təsdiqini tapıb. Xalqımız istər 44 günlük müharibədə qazandığımız zəfərə, istərsə də antiterror əməliyyatlarında əldə etdiyimiz uğura layiqdir. Dövlət başçımızın da söylədiyi kimi, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə edib. Bu qələbə kökü 200 il əvvələ gedən problemi kökündən həll edib. Azad olunmuş ərazilərimizdə ucalan şanlı bayrağımız bir daha təsdiqlədi ki, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir.
Bu gün Xankəndidə bərpa-quruculuq işləri aparılır. İlk dəfə bu il Dövlət Suverenliyi günü Xankəndidə qeyd olundu. İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlayan ilk Univeritet də Xankəndidə açıldı.Artıq Xankəndiyə də həyat qayıdıb. Azərbaycan bayrağı Xankəndidə əbədi dalğalanacaq, xalqımız Qarabağ və Şərqi Zəngəzurda əbədi yaşayacaq.