Xarici siyasət kursunun uğurlu Parlament diplomatiyası

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən Dövlət başçısı qanunverici oqranın fəaliyyəti ilə bağlı bir sıra tapşırıq və tövsiyyələrini səsləndirmişdi. Aradan keçən müddət ərzində Milli Məclisin fəaliyyəti cəmiyyətin inkişafında özünü daha qabarıq şəkildə göstərir. Bura həm yerli qanunların hazırlanması, qərarların qəbulu və beynəlxalq tribunalarda Azərbaycanın təmsilçiliyi, parlament diplomatiyası daxildir.
Spiker Sahibə Qafarovanın başçılığı ilə həyata keçirilən parlament diplomatiyası nəticəsində son illərdə bir sıra səfərlər reallaşdırılmış və Azərbaycanla ikitərəfli əlaqələrin qurulması və inkişafı ilə bağlı müxtəlif ölkə rəsmiləri tərəfindən müsbət fikirlər səsləndirilmişdir. Son dövrlərin siyasi xəttində önəmli rol tutan parlament diplomatiyası və bu diplomatiyadan irəli gələrək həyata keçirilən siyasi kursun, milli maraqların müdafiəsi uğurla davam etdirilir. Buna nümunə olaraq Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası (AŞPA), MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası, Avronest Parlament Assambleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, GUAM Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Parlamentlərarası İttifaq və NATO Parlament Assambleyasını göstərmək olar.
Milli Məclis həmçinin parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı müsbət qərarlar qəbul olunub. Təsadüfi deyil ki, bu gün də beynəlxalq parlament tribunalarında işğaldan azad olunmuş torpaqlarımızda Ermənistanın barbarlığı faktlarla dünya ictimaiyyətinə çatdırılır.
Demokratik seçkinin göstəricilərindən biri də seçkidə iştirak edən partiyaların sayı, onların parlamentdə təmsilçilik hüququnun qazanmasıdır. Bu baxımdan da VI çağırış Milli Məclisin tərkibi fərqlənir. Bu fərqlilik isə siyasi partiyaların inkişafında xüsusi rol oynayır. Praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılması siyasi partiyalar üçün yeni imkanlar açır. Sistemli islahatların bir qolu kimi siyasi partiyaların inkişaf etdirilməsinin nəticəsidir ki, bu gün Milli Məclisdə 10-dan artıq siyasi partiya təmsil olunur. Parlamentdə təmsil olunan partiya mənsubları beynəlxalq müstəvidə də Azərbaycanı təmsil edirlər.
Sözün həqiqi mənasında VI çağırış Milli Məclisin fəaliyyəti onu deməyə əsas verir ki, istər qanunverici bazanın formalaşdırılması, istər xarici siyasətdə parlament diplomatiyasının inkişafı, istərsə də beynəlxalq təşkilatlarda təmsilçilik baxımından parlamentasrilər öz əhdələrinə düşən vəfizələrin öhdəsindən layiqincə gəlirlər.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı