Xarici təsirlərin Azərbaycan ailələrinə təsiri 

İnformasiya texnologiyalarının sürətlə inkişaf etməsi qloballaşan dünyada bir sıra məsələlərin həlli və inkişafına öz müsbət təsirlərini göstərsə də, yeni texnologiyaların ayrı-ayrı ölkələrin cəmiyyətlərinə müəyyən mənfi təsirləri də olmamış deyil. Bu təsirlərin ən çox hiss olunduğu sahə isə ailə institutudur.

Ailə anlayışı və milli xüsusiyyətlər

Qeyd edək ki, Azərbaycanda ta qədimdən bu günə qədər ailə müqəddəs hesab olunur və dövlətin də istər ailə institutunun formalaşması, istərsə də ailə dəyərlərinin qorunması baxımdan hüquqi təşkilatı sahədə çox böyük rolu var. Azərbaycan insanının ailə dedikdə, ilk növbədə hansı birgəyaşayış formasını təsəvvür etməsi, ailə başçısı rolunda kimi görməsi, valideynlik borcuna yanaşması, ailənin bünövrəsində hansı amilləri vacib hesab etməsi, müasir ailələrimizin adətən hansı tanışlıq üsulu ilə qurulması, qadınların həyat tərzinə aid sosial normalar, ailənin gender nizamı, ailə yaddaşının əsası olan amillər nəzərdə tutulur.

Azərbaycan o ölkələrdəndir ki, ilk dəfə 1918-ci ildə Azərbaycan qadınının seçki hüququnu tanıyıb. Bu gün ailə dəyərləri, eləcə də gender bərabərliyinin təmin olunması istiqamətində mühüm qanunvericilik aktları var və burda cinsindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları yüksək şəkildə təsbit edilib.

Hüquqi çərçivə və gender bərabərliyi

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna əsasən, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətlərinə gender bərabərliyinin təmin edilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı, normativ hüquqi aktların gender ekspertizasından keçirilməsi, gender bərabərliyinin təmin edilməsi üçün dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi, gender bərabərliyi mədəniyyətinin təbliği daxildir. Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələrinə gəlincə, cnsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. Qanuna görə, işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. İşəgötürənin vəzifələri sırasına işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, cinsindən asılı olmayaraq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək daxildir.

Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasında işəgötürənin vəzifələri də müəyyənləşib. İşdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman və işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən kişi və qadınlara fərqli yanaşdıqda, işçinin tələbi ilə işəgötürən həmin fərqli yanaşmanın işçinin cinsi mənsubiyyəti ilə bağlı olmadığını əsaslandırmalıdır. İşə qəbul edilmək barədə müraciətə rədd cavabı almış şəxs işəgötürəndən işə qəbul edilmiş əks cinsin nümayəndəsinin onunla müqayisədə malik olduğu təhsil, peşə hazırlığı, təcrübə, peşə keyfiyyətləri və digər üstünlüklər barədə yazılı izahat tələb etmək hüququna malikdir.

Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir. Əməkhaqqı, mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər müxtəlif olduqda, işçinin tələbi ilə işəgötürən əməkhaqqındakı fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını əsaslandırmalıdır.

İşə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, iş axtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir. Alçaldıcı məzmunlu, kişi və qadınların hüquq bərabərliyi prinsipinə zidd olan elanların dərc edilməsi qadağandır. Yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.

Belə elanların dərc edilməsinə yalnız o halda yol verilir ki, əmək funksiyalarının xüsusiyyətlərinə görə işçinin cinsi müəyyənedici şərt olsun və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, həmin işlərə qadın əməyinin tətbiqi qadağan edilsin.

Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər.

Seksual qısnamaya məruz qalmış işçinin əmək müqaviləsinin xitam verilməsi barədə ərizədə göstərdiyi gündən əmək müqaviləsi ləğv edilir. Dövlət kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir. İşəgötürən kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaratmalıdır.

Təhsil və sosial təminat sahəsində gender siyasəti

Dövlət mülkiyyət növündən asılı olmayaraq, bütün təhsil müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. Dərsliklər gender bərabərliyi prinsipinə əsaslanmalıdır.

Təhsil müəssisələrinin fəaliyyətində aşağıdakı hallar cinsi mənsubiyyətə görə ayrı-seçkilik kimi qiymətləndirilə bilər:

- qəbul zamanı, tədris planı tərtib olunarkən və ya biliyin qiymətləndirilməsi zamanı kişi və qadınlara qarşı fərqli tələblərin tətbiq edilməsi;

- təhsil sahəsinin seçilməsində kişi və qadınlar üçün fərqli imkanların yaradılması.

Qeyri-rəsmi münasibətlər

Ailə milli-mənəvi dəyərlərin təcəssümü və daşıyıcısıdır. Ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və Azərbaycan ailəsinə xas ailə modelinin qorunması əsas vəzifələrdəndir. Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı modellərdən biridir.

Bununla belə bu gün ölkəmiz boşanmaların sayına görə ilk sıralarda gələn ölkələrin siyahısında yer alır. Azərbaycan ailələrində dağılmaların səbəbləri nələrdir?

Bəzi ekspertlər ailələrdə yaranan problemlər sırasında ilk olaraq sosial çətinlikləri, ailələrin formalaşmasında ailələrin təsiri kimi faktorları önə çəksələr də sözsüz ki burada xarici faktorların da rolu böyükdür.

Qeyd edək ki, xarici ölkələrin əksəriyyətində ailələr rəsmi nikahdan daha çox vətəndaş nikahı formasındadır və son illərdə müxtəlif internet resurslarından bu sahədə qurulan ailələrlə bağlı Azərbaycan toplumuna yönəlmiş təbliğatın getdiyi aşıq aydın özünü biruzə verir. Bəziləri vətəndaş nikahını müsəlman ölkələrində olan və ini şərtlər altında qurulan “imam nikahı” kimi izah etsələr də hüququ dövlətdə yaşayan insanlar üçün nə vətəndaş nikahının, nə dini nikahın heç bir rəsmi qüvvəsinin olmadığı bəllidir.

Sosial və psixoloji fəsadlar

 Son illərin statistikasına əsasən istər ailələrdə yaşanan sosial və digər psixoloji problemlər, qadın qətllərinin və digər kriminal hadisələrin baş verməsi, uşaqların evdən qaçması və nəzarətsiz qalması daha çox bu kimi ailələrdə baş verir. Bununla yanaşı rəsmi nikahla qurulan ailələrdə də dağılma faizi olduqca yüksəkdir. Bəzi sosioloqlar bunu müasir gəncliyin sosial problemlərə dayanıqlı və dözümlü ola bilməməsi ilə izah etsələr də, burada internet resursları üzərindən təbliğ olunan faktorların da z rol oynamadığını düşünürlər. Bu baxımdan da ekspertlər ailə dəyərlərinin və ailə institutlarının qorunması üçün sosial şəbəkələrlə bağlı hüquqi tənzimlənmənin yaradılmasının vacib olduğunu vurğulayırlar. Hesab olunur ki, ailə institutunun qorunması həm Azərbaycan xalqının milli dəyərləri, həm də sağlam cəmiyyətin formalaşması baxımından olduqca vacibdir. Odur ki, istər media tərəfindən istərsə də vətəndaş cəmiyyətini təmsil dən təşkilatlar tərəfindən bu istiqamətdə çağırılar artmalı və gələcəyimiz olan ailələrimizi və övladlarıızı xarici təsirlərdən qorumalıyıq.

Media və ailə mövzuları

Eyni zamanda burada mediadakı maarifləndirmə işlərinin artırılması da mühüm əhəmiyyət kəsb edir. “Bu gün Azərbaycan televiziyalarında bir sıra sosial tok şoular var və orada müxtəlif ailələrdən olan insanları çıxardıb ailədaxili problemləri danışdırırlar. Bu cür proqramlar birbaşa insanların həyatına müdaxilə olmaqla yanaşı həm də cəmiyyət üçün çox pis örnəklər yaradır. Odur ki, bu sahədə də tənzimlənmə işlərinin aparılması zərurəti var.

Ailə dəyərlərinin təbliği

Ailə bizim varlığımızı hədəfə alan qlobal hücumlara qarşı qorunmalı olan ən müqəddəs ictimai strukturdur. Bütün alternativlərə qarşı hörmət, sevgi, anlayış kimi ən gözəl davranışların sərgiləndiyi ailə nümunələrinin, obrazlarının ictimailəşdirməsi, qalib Azərbaycan ailələrinin kütləvi təbliği, bizi zirvələrə ucaldan qəhrəmanları yetirən valideynlərin, ailə tərbiyəsinin, mühitinin və təliminin ideallaşdırılması mühüm milli vəzifədir: "Möhkəm təməllərlə qurulan ailələr bir qayda olaraq dövlətin güclü əsası rolunu oynayır. Ailə institutu dəyişən dünyanın lokal, qlobal təsirlərindən özünü qorumalıdır. Dünyada inkişafın və tənəzzülün səbəbi insan amili ilə bağlıdır. Bütün bunların faydası və ziyanları da insana birbaşa təsir edir. Demokratik dövlətlərin formalaşdırdığı modellər ailəni dünyanın regional və qlobal təsirlərindən qorumalıdır”.

Sosioloqların fikrincə təbliğ olunan bir sıra mənfi ailə modelləri ilə bağlı da ölçü götürülməlidir. “Bəzən iş o yerə çatır ki insanlar çıxıb efirlərdə nikahdan kənar həyatlarını, dünyaya gətirdikləri övladları, vətəndaş nikahı ilə bağlı olduqca rahat şəkildə danışırlar. Efirlərin milyonlarla tamaşaçısı var. Bu cür şeylərin təbliğ təbii ki cəmiyyətə öz mənfi təsirini göstərir və ya göstərməkdədir. Digər tərəfdən internet üzərindən bir sıra xarici ölkələrdə olan və ailə adı altında insanların şüuruna təbliğ olunan hallar var. Bunların hamısı qanun çərçivəsində tənzimlənməlidir”.

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.