May ayının 2-də Azərbaycan Ağsaqqallar Şurasının Siyəzən və Xızı rayon təşkilatlarında hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Siyəzən Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsi Balabəy Balabəyov, Şuranın mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqalları və ziyalıları, eləcə də digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Siyəzən və Xızı rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfranslarda çıxış edən Xəzər Aslanov və Balabəy Balabəyov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rolundan bəhs ediblər. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara daim böyük ehtiramla yanaşdığını qeyd edən natiqlər vurğulayıblar ki, milli mentalitetimizə və dəyərlərimizə daim bağlı olan Siyəzən və Xızı rayonlarının əhalisi də ağsaqqal sözünə və öyüd-nəsihətinə böyük önəm verir. Çıxışlarının sonunda hər iki rayonda ağsaqqalların aktiv fəaliyyətləri ilə seçildiklərini vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra Siyəzən Rayon Ağsaqqallar Şurasının sədri Qəzənfər Nəcəfov və Xızı Rayon Ağsaqqallar Şurasının sədr müavini Fərrux Haqverdiyev yerli təşkilatların hesabatlarını konfrans iştirakçılarının diqqətinə çatdıraraq, son bir il ərzində fəaliyyət planları əsasında görülən işlərdən, rayon əhalisi, eləcə də şəhid ailələri və qazilərlə keçirdikləri görüşlərdən, onlara göstərdikləri maddi, mənəvi dəstəkdən və digər məsələlərdən söz açıblar. Xüsusilə gənclərlə məktəblərdə keçirilən görüşlərdən, aparılan maarifləndirmə işlərindən bəhs edən natiqlər vurğulayıblar ki, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağsaqqallar ağacəkmə kampaniyalarında gənc nəslə örnək olacaq səviyyədə yaxından iştirak ediblər. Sonda bildiriblər ki, rayon ağsaqqalları bundan sonra da öz fəaliyyətlərini aktiv və geniş şəkildə davam etdirməyə çalışacaqlar.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin səmimi salamalarını tədbir iştirakçılarına çatdırıb. Ona doğma olan hər iki rayonda növbəti dəfə dəyərli ağsaqqallarla, ziyalılarla görüşdüyü üçün şad olduğunu bildirən natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edib. Vurğulayıb ki, möhtərəm Prezidentimizin zəngin təcrübəsi, müdrik və güclü siyasəti nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti davamlı olaraq artır, beynəlxalq aləmdə nüfuzu gündən-günə möhkəmlənir və dünya səviyyəsində lider dövlətlər sırasına yüksəlir. Tahir Süleymanov, həmçinin, dövlət başçımızın dünyanın super gücü olan Çin Xalq Respublikasına səfərindən, eləcə də iki ölkə arasında əməkdaşlığın güclənməsi üçün imzalanan sənədlərin əhəmiyyətindən, cənab İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin arasındakı dostluq əlaqələrindən də ətraflı bəhs edib. Çin liderinin cənab İlham Əliyevi Çinin böyük dostu adlandırmasını möhtərəm Prezidentimizin beynəlxalq nüfuzunun bariz göstəricisi kimi dəyərləndirib. Həmçinin bildirib ki, İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianın da Azərbaycana rəsmi səfəri və bu səfərdə onu ailə üzvlərinin də müşayiət etməsi iki ölkə arasında yaxın münasibətlərin tarixən dərin mədəni, dini və tarixi köklərə söykəndiyini bir daha göstərir. Sonra Tahir müəllim əlavə edib ki, biz ağsaqqallar Azərbaycanın tərəqqisi naminə belə böyük işlər həyata keçirən möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşməli, öz fəaliyyətimizlə onu dəstəkləməli, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov hər iki təşkilatın hesabatını qənaətbəxş qiymətləndirib, lakin bununla yanaşı vurğulayıb ki, ağsaqqallar xüsusilə gənclərimizlə daha çox iş aparmalı, boşanmaların, ailədaxili problemlərin və cəmiyyətimizdəki digər neqativ halların qarşısını almaq üçün əllərindən gələni əsirgəməməlidirlər.
Çıxış edən digər natiqlər də hər iki təşkilat üzvlərinin bu ahıl vaxtlarında böyük həvəslə həyata keçirdikləri işlərdən, onların dəyərli fəaliyyətindən bəhs ediblər. Həmçinin müəyyən məsələlər və onların həlli barədə fikir mübadiləsi aparıblar.
Xızı Rayon Ağsaqqallar Şurasının hesabat konfransının sonunda təşkilati məsələlərə də baxılıb. Şuranın sədri Arif Nağıyev səhhətindəki problemlərlə əlaqədar fəaliyyətini davam etdirə bilmədiyi üçün həmin vəzifəyə uzun müddət YAP rayon təşkilatının sədri vəzifəsində və digər vəzifələrdə uğurla çalışmış, Şuranın sədr müavini Fərrux Haqverdiyevin namizədliyi irəli sürülüb və o, açıq səsvermə yolu ilə yekdilliklə Xızı Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Fərrux Haqverdiyev ona göstərilən yüksək etimada görə hər kəsə öz minnətdarlığını bildirib və Xızı Rayon Ağsaqqallar Şurasının fəaliyyətinin daha da aktivləşdirilməsi bilik və bacarığını əsirgəməyəcəyini bildirib.