Xocalı faciəsi- Qan yaddaşımız

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 34 il ötür. Bununla əlaqədar olaraq YAP Masallı rayon təşkilatı tərəfindən ərazi partiya təşkilatlarında, idarə və müəssisələrdə anım tədbirləri keçirilir. Bu silsilədən 24 fevral 2026-cı il tarixdə YAP Masallı rayon təşkilatı aparatında “Xocalı faciəsi- Qan yaddaşımız” mövzusunda tədbir keçirilib.

Ulu öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildirib. O qeyd edib ki, bu soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində törətdiyi soyqırımı aktı nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb. Onlardan 150 nəfərin taleyi bu günə qədər məlum deyil.

Təşkilat sədri diqqətə çatdırıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu gün dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri bu qırğın soyqırımı aktı kimi tanınır. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu qanlı hadisəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirməkdədir. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir: “2020-ci il xalqımızın başına gətirilən faciələrin qisasının alındığı il oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gündə parlaq Qələbəyə imza atdı, ərazi bütövlüyümüz təmin olundu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı. Bu gün bütün torpaqlarımız kimi, Xocalıda da həyat yenidən canlanır, yaralarımız sarınır. Soyqırımı aktına, düşmən təcavüzünə boyun əyməyən soydaşlarımız yenidən el-obamızı dirçəldir. Gənclərimiz bu faciənin nəticələrini, Xocalının ağrılı tarixini bilməlidir. Bizim vəzifəmiz isə bu həqiqətləri gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır”.

Tədbir iştirakçılarından Ülkər Əliyeva və başqaları  çıxışlarında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin əhalisinə qarşı törədilmiş soyqırımın insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayıblar. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfəri, həmçinin uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu, Xocalının da separatçılardan tam təmizləndiyi bildirilib, Xocalı qurbanlarının qanının yerdə qalmadığı qeyd edilib. Azad edilmiş digər ərazilərimiz kimi, Xocalıda da geniş miqyaslı quruculuq işlərinin aparıldığı, xocalıların doğma yurdlarına qayıdışı prosesinin hazırda davam etdiyi bildirilib. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istqiamətində dövlətimiz tərəfindən görülən ardıcıl işlərdən də bəhs olunub.