XOCALI SOYQIRIMINA GÖRƏ HÜQUQİ VƏ MƏNƏVİ MƏSULİYYƏT ZAMAN TANIMIR    

 “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın preambulasında qeyd olunur ki, bu cinayət bütün tarixi dövrlər üçün bəşəriyyətin amansız və böyük itkisi sayılır. Belə cinayətə görə məsuliyyət zamanla məhdudlaşmır və yalnız hüquqi cavabdehlik yaratmır. İnsanlıq əleyhinə ən ağır cinayət sayılan bu əmələ görə mənəvi məsuliyyət isə istənilən dövlət üçün ciddi reputasiya itkisi deməkdir və ən başlıcası, o da zamanla məhdudlaşmır.

Ermənistan dövlətinin və havadarlarının Xocalı soyqırımına görə öz məsuliyyətini etiraf etməmələrinin, dövlət olaraq cavabdehlikdən yayınma cəhdlərinin əsas səbəblərindən biri də elə budur. Onları qorxudan sivil dünya və beynəlxalq ictimaiyyət tərəfindən davamlı şəkildə mənəvi yarğılanma perspektividir. Xocalı soyqırımı qurbanlarının hər il ölkəmizdə dövlət səviyyəsində anılması baiskarlara hər dəfə bu perspektivi xatırladır və göstərir ki, nə qədər zaman keçirsə-keçsin, heç kim bu cinayətin ağır mənəvi və hüquqi yükündən yaxa qurtara bilməyəcək.

34 il sonra Xocalı şəhərində ucaldılan Xocalı Soyqırımı Memorialı təkcə Anım kompleksi deyil, o həm də yaddaş bütövlüyümüzün ifadəsidir. Unutmamalıyıq ki, bu illər ərzində yaddaş bütövlüyümüzün və qan yaddaşımızın pozulmasına kənardan kifayət qədər cəhdlər edilib. Prezident İlham Əliyev fevralın 26-da Xocalıda açılış mərasimindəki nitqində bu məqamı xüsusi qeyd etdi: “Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı”.

Bugünkü qarmaqarışıq, beynəlxalq hüquq əvəzinə gücün dominantlıq etdiyi dünyada onu da görürük ki, öz haqqını tanıtdırmaq və ədalətə nail olmaq olduqca çətindir. Münaqişə dövründə işğala Azərbaycanın məruz qaldığı bilinsə də, keçmiş Minsk qrupundakı vasitəçilər üçlüyü işğalçı ilə işğala məruz qalan arasında ədalətsiz şəkildə “bərabərlik” işarəsini qoymaqdan da çəkinmirdilər. Açıq və ya gizli müstəvidə yalnız ona çalışırdılar ki, beynəlxalq hüquq heç kimin yadına düşməsin və işğal əbədi davam etsin. Eyni mahiyyətli münaqişələrə görə antaqonist mövqedə dayanan böyük dövlətlər Qarabağ məsələsinə gəldikdə, riyakarcasına anti-Azərbaycan platformasında birləşirdilər. Belə bir vəziyyətdə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının hansı müqavimətlə üzləşdiyini yalnız təxmin edə bilərik. Əgər dövlət səviyyəsində siyasi iradə ortaya qoyulmasaydı, bu prosesdə ictimai təşkilatlar fəal iştirak etməsəydi, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kimi genişmiqyaslı hərəkata start verilməsə idi, 20-yə yaxın ölkə tərəfindən Xocalı soyqırımının rəsmən tanınmasına nail ola bilməzdik.

Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının qəlbində yaşayır. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Dövlətimiz onların qisasını beynəlxalq, o cümlədən humanitar hüquqa əməl etməklə döyüş meydanında aldı. Ermənistandan fərqli olaraq, Azərbaycan mülki erməni əhalisini hədəf seçmədi və 44 gün ərzində onlara qarşı heç bir müharibə cinayətinə yol vermədi. Azərbaycan dünyaya göstərdi ki, işğalçı Ermənistanın təcavüzkar dövlət təfəkkürü ilə işğala məruz qalan Azərbaycanın öz haqqının və ədalətin bərpasına köklənmiş milli düşüncəsi arasındakı əhəmiyyətli fərq nədən ibarətdir. Bütün maneə və təzyiqlərə baxmayaraq, mənəvi dəyərlər seçimi arasındakı bu ciddi fərq imkan verir ki, “Xocalıya ədalət!” tələbimiz hər ötən gün hədəfinə daha da yaxınlaşsın. Prezident İlham Əliyev Xocalıda bununla bağlı cəmiyyətimizə bu mesajı da verdi: “Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım id, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi”.

 Həmin məhkəmə prosesinə qarşı çıxanların kimliyi, onları birləşdirən tarixi bağlar artıq cəmiyyətimizə yaxşı məlumdur. Müharibə cinayətkarlarını “hərbi əsir”, “girov” və ya “siyasi məhbus” adlandıran, bununla bağlı qərəzli qətnamə qəbul edən, ədalətsiz bəyanatlar verən ölkə və təşkilatlar təkcə beynəlxalq hüququ heçə saymırlar. Onlar həm də dünyada ədalətə bəslənilən ictimai inamı zədələyir və beləliklə güc amilinin önə çıxmasını məqsədli şəkildə təşviq edirlər. İctimai rəyə aşılamağa çalışırlar ki, beynəlxalq hüquq da, ədalət də güclünün qarşısında acizdir. Prezident İlham Əliyev belə düşüncə sahiblərinə, təhlükəli zehniyyət daşıyıcılarına geosiyasi aktuallığını hələ də saxlayan, olduqca kəsərli və birmənalı bu mesajı verdi: “ Bugünkü mərasimdə o ölkələrin heç adlarını çəkmək istəmirəm... Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək”.

Bu gün hər birimiz onu da görürük ki, tarixi Zəfərimizi həzm edə bilməyən məlum ölkə və təşkilatlar Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə qarşı çirkin dezinformasiya kampaniyası aparırlar. Hibrid hücumların arxasında dayanan mərkəzlər, onların xüsusi xidmət orqanları yaxşı bilirlər ki, ictimai konsensusu və ölkədaxili tarazlığı pozmadan məkrli məqsədlərinə çata bilməzlər. Çünki onu da bilirlər ki, xalqımızın iki əsrlik probleminin-Qarabağ məsələsinin həllinin arxasında Azərbaycan cəmiyyətinin birliyi və öz Liderinə tərəddüdsüz inamı dayanır. Davamlı təxribat kampaniyasının məqsədi həmin reallığı dəyişməkdir. Bu səbəbdən, Azərbaycan Prezidentinin və ailə üzvlərinin hədəf seçilməsi əsla təsadüfi deyil. Bədxahlarımız yaxşı bilirlər ki, xalqımız məhz Prezident İlham Əliyevin qətiyyətli Liderliyi ilə Qarabağ məsələsini kökündən həll etməklə onların iki əsrlik anti-Azərbaycan planını iflasa uğradıb, təkcə savaş meydanında deyil, həm də siyas-hüquqi müstəvidə tarixi nailiyyətə imza atıb.

 Əminəm ki, Xocalı Soyqırımı Memorialının açılış mərasimində şəhid ailə üzvlərinin, keçmiş məcburi köçkünlərin Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, onların ailə üzvlərinə göstərdikləri doğma və isti münasibət bədxahlarımıza -tarixi Qələbəmizə qarşı çıxan dairələrə ən tutarlı cavabdır. Bəlkə bundan sonra anlayalar ki, yalnız səmimiyyətə söykənən bu cür ruh birliyini kənardan heç kim poza və ona kölgə sala bilməyəcək!

Ülvi Quliyev

Milli Məclisin deputatı